Əmək bazarı dəyişir, amma təhsil sistemi hələ də köhnə qaydalarla işləyir. Gənclər diplom alır, lakin real bacarıqlardan məhrum qalır. Mütəxəssislər xəbərdarlıq edirlər: əgər təhsil məzmunu yenilənməsə, universitet məzunları əmək bazarının tələblərinə cavab verə bilməyəcək. Təhsil eksperti Əmrah Həsənli Paraqraf.com-a açıqlamasında bildirib ki, mövcud sistem hələ də ənənəvi yanaşmadan qurtula bilmir və bu, gənclərin iş tapmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Təhsil eksperti Əmrah Həsənli Paraqraf.com-a açıqlamasında bildirib ki, bu sahədə hələ də ciddi boşluqlar mövcuddur:

“Mövcud təhsil sistemi hələ də müəyyən dərəcədə ənənəvi məzmun və qiymətləndirmə mexanizmləri üzərində qurulub. Bu isə bəzən əmək bazarının ehtiyac duyduğu çevik, yaradıcı və analitik düşüncəyə malik insan resurslarının formalaşmasına mane olur”.
Ekspertin sözlərinə görə, əmək bazarına inteqrasiyanın əsas şərti yalnız bilik deyil, həm də real bacarıqlardır. Gənclərin praktik təcrübə qazanması üçün təhsil müəssisələri ilə özəl sektor arasında daha sıx əməkdaşlığa ehtiyac var:
“Gənclərin qarşısında duran əsas çətinliklərdən biri real iş mühitində təcrübə qazanmaq imkanlarının məhdudluğudur. Universitetlər və məktəblər yalnız bilik ötürən deyil, həm də bazar tələblərini analiz edən, həmin tələblərə uyğun məzmun hazırlayan qurumlara çevrilməlidirlər. Təhsili sadəcə məşğulluq vasitəsi kimi deyil, sosial adaptasiya prosesi kimi də qiymətləndirmək lazımdır. Bu baxımdan, praktik təlimlərin, startap təşəbbüslərinin və könüllü fəaliyyətlərin stimullaşdırılması xüsusi əhəmiyyət daşıyır”.
O qeyd edib ki, ümumilikdə, Azərbaycan təhsil sistemi istiqamət olaraq doğru yoldadır. Lakin onun real əmək bazarının ritminə tam uyğunlaşması üçün daha çox çeviklik, proqnozlaşdırma və analitik yanaşma vacibdir.
Cəfərova Validə
Paraqraf.com
![]()
