Azərbaycanda avtomobil benzini, dizel yanacağı və maye qaz üçün tətbiq edilən yol vergisinin məbləği növbəti ildən etibarən əhəmiyyətli dərəcədə artırılacaq.
Bu, Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.
Dəyişikliklərə görə, hazırda hər litr üçün 2 qəpik olan yol vergisi 7 qəpiyə qədər yüksəldiləcək. Bu isə 3,5 dəfə artım deməkdir.
İqtisadçı Eldəniz Əmirov “Paraqraf.com”a açıqlamasında bildirib ki, yol vergisi bir ölkəyə idxal olunan benzin və digər yanacaq növlərinin hər litrinə görə dövlət büdcəsinə ödənilən vergi növüdür:

“Bu verginin toplanılmasında əsas məqsəd həmin yolların saxlanılması və digər nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün maliyyələşməni təmin etmək, bu istiqamətdə dövlət xərclərinin qarşılanmasını həyata keçirməkdir. Yəni bu vergi istehsalçıya və ya idxal edən tərəfə tətbiq edilə bilər”.
Ekspert, həmçinin vergi məbləğinin 3,5 dəfə artırılmasından da danışıb:
“Bunun yanacaq qiymətlərinə təsiri olacaq. Amma bu, o demək deyil ki, məhsulun qiymətinə 5 qəpik əlavə olunacaq. Burada risk faktoru var — bahalaşma riski. Bütün hallarda, Azərbaycanda yanacağın qiyməti inzibati yolla tənzimləndiyi üçün bununla bağlı indi nəsə demək tezdir. Elə ola bilər ki, bununla bağlı ümumiyyətlə qərar qəbul edilməsin”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
