Payız mövsümündə insanların halsızlıq, başgicəllənmə və huşunu itirmə halları daha çox müşahidə olunur.
Mövzu ilə bağlı terapevt Adil Geybulla paraqraf.com-a açıqlamasında bildirib ki, bu vəziyyət təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. Onun sözlərinə görə, payız aylarında orqanizmin həm hava şəraitinə, həm də təzyiq və temperatur fərqlərinə adaptasiyası çətinləşir.
“Payızda havaların dəyişməsi, təzyiq fərqləri və temperaturun enməsi orqanizmdə müəyyən narahatlıqlara səbəb olur. Lakin bunlar yeganə amillər deyil. Uzunmüddətli koronavirus təsirləri, yuxarı tənəffüs yollarının respirator infeksiyaları və zəif immunitet də bu halların artmasına gətirib çıxarır,” – deyə ekspert vurğulayıb.
Adil Geybulla bildirib ki, sağlamlığın qorunması üçün insanların gündəlik vərdişlərinə diqqət etməsi vacibdir:
“İlk növbədə sağlam qidalanmaq, vitaminlə zəngin məhsullara üstünlük vermək lazımdır. Fiziki aktivlik, açıq havada gəzinti və hərəkətli həyat tərzi bu cür vəziyyətlərin qarşısını ala bilər”.
Terapevt əlavə edib ki, müasir dövrdə insanların azhərəkətli həyat tərzi, qeyri-sağlam qidalanma və artıq çəki problemi ürək-damar sisteminə ciddi təsir göstərir:
“Təəssüf ki, bu amillər erkən yaşda infarkt, insult və qəfil ölüm hallarının əsas səbəblərindəndir,” – deyə Adil Geybulla qeyd edib.
Cəfərova Validə
Paraqraf.com
![]()
