Son illərdə sosial şəbəkələrdə hesabların sındırılması və şəxsi məlumatların icazəsiz paylaşılması halları artmaqdadır. Belə hallarda istifadəçilərin şəxsi həyatına müdaxilə edilir, həm də onların şərəf və ləyaqətinə zərbə vurulur. Mütəxəssislər bildirirlər ki, bu cür hallar təkcə etik deyil, həm də hüquqi məsuliyyət doğurur.
Məsələ ilə bağlı vəkil Lalə Salmanova Paraqraf.com-a açıqlamasında bildirib ki, belə vəziyyətlə üzləşən şəxs dərhal hüquq mühafizə orqanlarına müraciət etməlidir:

“Şəxsin sosial media hesabı sındırılaraq şəxsi məlumatları paylaşıldığı halda, o, hadisənin baş verdiyi ərazi üzrə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Müraciət həm yazılı formada, həm də 102 qaynar xətti vasitəsilə edilə bilər”.
Vəkil əlavə edib ki, bu cür hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində açıq şəkildə cinayət kimi qiymətləndirilir:
“Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığının pozulmasını nəzərdə tutur. Şəxsi və ailə həyatının sirri olan məlumatların, həmin məlumatları əks etdirən sənədlərin, video, foto və ya səs yazılarının qanunsuz toplanılması və yayılması min manatdan iki min manatadək cərimə, 240–480 saat ictimai iş və ya bir ilədək islah işləri ilə cəzalandırıla bilər”.
Bununla yanaşı, Lalə Salmanova qeyd edib ki, məsələ yalnız cinayət deyil, həm də mülki məsuliyyət yaradır:
“Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, fiziki şəxs onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu və şəxsi həyatının sirrini pozan məlumatların təkzibini və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər məlumat mediada yayılıbsa, təkzib də həmin mediada dərc olunmalıdır”.
Cəfərova Validə
Paraqraf.com
![]()
