Azərbaycanda son illərdə adam başına düşən gəlirlərin azalması ictimai və iqtisadi müzakirələrin əsas mövzularından birinə çevrilib. Mütəxəssislər bildirirlər ki, bu tendensiya dövlətin xərcləmə siyasətindəki prioritet dəyişikliklər, xüsusilə də müharibədən sonrakı bərpa və təhlükəsizlik məqsədli investisiyalarla sıx bağlıdır.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli Paraqraf.com-a açıqlamasında deyib ki,dövlətlərdə adam başına düşən gəlirlər, adətən, həmin ölkələrin investisiya hədəfləri, iqtisadi strategiyası və xərcləmə prioritetləri ilə sıx bağlı olur:

“Azərbaycanın vəziyyətinə nəzər yetirdikdə, son onilliklərdə əsas gəlir mənbələrinin daha çox hərbi sahəyə yönəldildiyini görürük. Xüsusilə 2020-ci ildən sonra torpaqlarımız işğaldan azad edildikdə dövlətin əsas xərcləri bərpa, yenidənqurma və abadlıq istiqamətlərində cəmləşdi.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirilən irimiqyaslı infrastruktur layihələri üçün dövlət büdcəsindən böyük vəsaitlər ayrılmağa başladı. Bununla yanaşı, ordunun modernləşdirilməsi, müasir silahlarla təchizatı və hərbi infrastrukturun qurulması da büdcəyə ciddi yük saldı. Bu səbəbdən sosial yönümlü xərclərdə müəyyən azalma müşahidə olundu. Nəticədə bu amillər adam başına düşən gəlirlərin azalmasına təsir göstərdi”.
Ekspertin sözlərinə görə, ixrac yönümlü iqtisadiyyatlara malik ölkələrdə adambaşına düşən gəlirlər daha yüksək olur:
“Azərbaycan neft və qaz sənayesindən başqa, demək olar ki, əksər istehlak mallarını idxal edir. Bu da daxili iqtisadiyyatda əlavə dəyərin zəif formalaşmasına səbəb olur. Son illərdə qeyri-neft sektorunda müəyyən irəliləyişlər müşahidə olunsa da, hələlik bu, ümumi gəlirlərə nəzərəçarpacaq təsir göstərməyib. Hazırda Azərbaycan Cənubi Qafqaz ölkələri arasında adam başına düşən gəlir baxımından son sıradadır”.
Bununla belə, Razi Abbasbəyli gələcək üçün nikbin proqnozlar da verir:
“Şərqi Zəngəzur və Qarabağda iqtisadi fəallığın artması, istehsal və xidmət sektorlarının inkişafı, turizmin və kənd təsərrüfatının dirçəldilməsi fonunda yaxın illərdə həm ümumi daxili məhsulda, həm də adambaşına gəlirlərdə artım gözlənilir. Hazırkı aşağı səviyyə isə əsasən müharibədən sonrakı dövrün bərpa və təhlükəsizlik xərcləri ilə bağlıdır”.
Cəfərova Validə
Paraqraf.com
![]()
