Artıq Bakı metrosunda səyahət zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə ödəniş etmək mümkündür.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında “Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”da sınaq mərhələsində tətbiq olunur və yaxın zamanda bütün xətlər üzrə aktiv ediləcək.
Qurumdan əlavə edilib ki, sınaq mərhələsində texniki nasazlıq yarandığı halda, sərnişinlər “BakıKart” və ya digər ödəniş vasitələrindən istifadə edə biləcəklər.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, ödəniş vasitələrinin çoxluğu vətəndaşlar üçün rahatlıq yaradır:

“Azərbaycanda “BakıKart” və “QR” kod sistemləri mövcuddur. Amma bank kartlarından, həmçinin “Google Pay” və “Apple Pay” kimi ödəniş sistemlərindən istifadə imkanı sərnişinlərə əlavə rahatlıq gətirəcək. “QR” kodla çətinlik yaranarsa, bu halda bank kartı vasitəsilə ödəniş etmək mümkün olacaq. Gəncə şəhərində bu cür sistemlər artıq tətbiq olunur. Metroda da test mərhələsindədirsə, deməli, yaxın zamanda tam istifadəyə veriləcək”.
Kəmalə Vəliyeva,
Paraqraf.com
![]()
