Son aylarda Azərbaycanda ət və ət məhsullarının qiymətlərində müşahidə olunan artım bazarda ciddi müzakirələrə səbəb olub. Qiymətlərin bahalaşması həm istehlakçıların gündəlik xərclərinə təsir edir, həm də hökumətin diqqət mərkəzindədir. Mütəxəssislər bildirirlər ki, artımın əsas səbəbləri sırasında istehsal xərclərinin yüksəlməsi, mövsümi təsirlər və idxal asılılığı dayanır.
İqtisadçı ekspert Akif Nəsirli “Paraqraf.com”a açıqlamasında bildirib ki, ət strateji ərzaq məhsulu sayılır və qiymətlərdəki dəyişikliklər birbaşa sosial vəziyyətə təsir göstərir:
“Ətin bahalaşması təkcə iqtisadi məsələ deyil, sosial sabitliyə də təsir edir. Çünki bu məhsul gündəlik tələbatda əsas yer tutur”.
Onun sözlərinə görə, bəzən vasitəçilər və iri topdansatış şəbəkələri süni qıtlıq yaradaraq qiymətləri qaldıra bilirlər:
“Belə hallarda dövlətin müvəqqəti nəzarəti bazardakı ‘şok effekti’ni azalda bilər. Amma bu müdaxilə uzunmüddətli xarakter alarsa, iqtisadi tarazlığa mənfi təsir göstərə bilər. Qiymətlərin inzibati yolla tənzimlənməsi istehsalçı maraqlarını zəiflədir və nəticədə təklif azalır, gizli bazar formalaşır. Süni qiymət sabitliyi istehsalçının marağını azaldır. Nəticədə bazarda təklif azalır, gizli satışlar yaranır. Bu, sağlam iqtisadi mühit üçün təhlükəlidir”.
Ekspert deyib ki, dövlət qiymətləri birbaşa müəyyən etməkdənsə, istehsalçıların fəaliyyətini dəstəkləməlidir:
“Subsidiyalar bazara deyil, birbaşa istehsalçılara yönəldilməlidir. Əgər yem, logistika və enerji xərcləri azaldılsa, bu, həm fermeri, həm də alıcını qoruyar”.
O, eyni zamanda vasitəçilərin və iri şəbəkələrin süni qiymət razılaşmalarına qarşı sərt tədbirlər görülməsini vacib sayır:
“Əgər bazarda şəffaf rəqabət təmin olunarsa, heç kim qiymətlərlə manipulyasiya edə bilməz”.
Akif Nəsirli hesab edir ki, ət bazarına birbaşa qiymət müdaxiləsi yalnız qısamüddətli rahatlıq yaradır:
“Dövlətin qiymətə inzibati təsiri qısa müddətdə vəziyyəti sabitləşdirə bilər, amma uzunmüddətli dövrdə iqtisadi təhriflər qaçılmazdır. Ən düzgün yol bazar mexanizmlərini qorumaq, eyni zamanda istehsal və təchizat zəncirini dəstəkləməkdir. Əgər bazar mexanizmləri qorunarsa, qiymətlər tədricən öz sabitliyini tapar, iqtisadi dinamika da itməz”.
Cəfərova Validə
Paraqraf.com
![]()
