Günümüzdə təəssüf ki, bəzən insanlar emosiyalarına uduzaraq münaqişələri zorakılıq yolu ilə “həll etməyə” çalışırlar. Bəzi hallarda isə bu, ən ağır nəticə qəsdən adam öldürmə ilə yekunlaşır. Cəmiyyətin və hüquq-mühafizə orqanlarının qarşısında duran əsas vəzifə isə bu kimi halların qarşısını almaq və ictimai təhlükəsizliyi qorumaqdır.
Mövzu ilə bağlı Paraqraf.com-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, De Fendo Vəkil Bürosunun vəkili Mədinə Leqayeva bildirib ki, bəzən insanlar hər hansı səhvi və ya münaqişəni sülh yolu ilə deyil, qarşı tərəfi “cəzalandırmaq” məqsədilə zorakılıq və hətta qəsdən öldürmə cəhdinə əl atırlar:

“Belə halların qarşısını almaq üçün dövlət bir neçə istiqamətdə tədbirlər görür: cinayət məsuliyyətini sərtləşdirir, hüquq-mühafizə orqanlarının səmərəliliyini artırır, ictimai maarifləndirmə və zorakılığın qarşısının alınması proqramlarını genişləndirir. Cinayət qanunvericiliyində cəzanın məqsədlərindən biri də digər insanlar tərəfindən eyni və ya oxşar cinayətlərin törədilməsinin qarşısını almaqdır”.
Vəkilin sözlərinə görə, son vaxtlar yeniyetmələr arasında da zorakılıq və aqressiya halları artıb. Bu səbəbdən məktəblərin və valideynlərin üzərinə böyük məsuliyyət düşür:
“Təlim məktəbdən, tərbiyə evdən gəlir. Uşaqlıqdan bu kimi hərəkətlərin nəticələrinin nə ola biləcəyini uşaqlara izah etmək, onlarda hüquqi şüur formalaşdırmaq lazımdır”.
Mədinə Leqayeva əlavə edib ki, qəsdən adam öldürmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə tənzimlənir:
“Bu maddəyə əsasən, qəsdən adam öldürən şəxs 9 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
