Müasir gənclik artıq internet dövrünün övladlarıdır. Onlar informasiya texnologiyalarının içində böyüyür, sosial şəbəkələrdə formalaşır və orada özlərini ifadə edirlər. Bu ifadə azadlığı davranış mədəniyyətinin itməsinə gətirib çıxara bilir. “Söz azadlığı” ilə “hörmətli ünsiyyət” arasındakı sərhəd tədricən silinir.
Bugünkü gənclərin çoxu üçün sosial şəbəkə bir növ “özünü tanıtma məkanı”dır. Amma burada təkcə paylaşımlar deyil, dəyərlər də formalaşır. Təəssüf ki, bəzən bu məkanlarda aqressiya, məsxərə və mənəvi təzyiq kimi hallar normaya çevrilir. Bu isə artıq təkcə sosial problem deyil, təhsil sistemi üçün də siqnaldır.
Təhsil yalnız elmi bilikləri verməməlidir, o həm də rəqəmsal mədəniyyəti öyrətməlidir. Məktəblərdə sosial şəbəkələrdə davranış qaydaları, onlayn ünsiyyət, fərqli fikrə hörmət kimi mövzular tədris edilməlidir.
Valideynlər və müəllimlər bu prosesdə birgə rol oynamalıdır. Valideyn nəzarəti qadağa kimi yox, bələdçilik kimi olmalıdır. Uşağa “girmə” demək əvəzinə, “düz davranmağı” öyrətmək daha təsirli yoldur. Müəllim isə sinifdə bilik ötürməklə yanaşı, sosial şəbəkədə davranış nümunəsi göstərməlidir. Çünki gənclər ən çox öyrəndiklərini deyil, gördüklərini təkrar edirlər
Təəssüf ki, bəzən gənclərin səhvlərinə görə sosial media günahlandırılır, amma əsas məsuliyyət tərbiyə və maarifləndirmə sisteminə düşür. İnformasiya əsrində etik davranış – həm ailədə, həm məktəbdə, həm də cəmiyyətdə formalaşmalıdır.
Bu gün təhsil sistemi qarşısında yeni vəzifə dayanır: dijital savadlı, düşünən və mədəni davranan gənc nəsil yetişdirmək. Texnologiyanı qadağan etməklə deyil, düzgün istifadəni öyrətməklə bu məqsədə çatmaq mümkündür.
Əgər bu istiqamətdə müəllim, məktəb və valideyn birgə addım atarsa, sosial şəbəkələr təhlükə yox, tərbiyəvi vasitə rolunu oynaya bilər. Axı mədəniyyət yalnız küçədə və sinifdə deyil, artıq ekranın o üzündə də ölçülür.
M.Mehdiyeva
Paraqraf.com
![]()
