Bu gün yeniliklərdən xəbərdar olmaq üçün artıq qəzet, jurnal oxumağa ehtiyac yoxdur — hər şey bir ekranın içindədir. Sosial media həyatımızın mərkəzinə çevrilib. Lakin bu “virtual dünya” xüsusilə gənclər üçün həm cazibədar, həm də təhlükəli bir bataqlığa bənzəyir.
Gənclər sosial mediada özlərini ifadə edir, paylaşır, izlənir və bəyənilir. Lakin bu bəyənilmə hissi tədricən asılılığa çevrilir. Artıq “xoşbəxtlik” bəyənmə sayından, “dəyər” isə izləyici sayından ölçülür. Ekrandan uzaq qaldıqda yaranan boşluq, narahatlıq və tənha hiss — bu, adi hal deyil, psixoloji asılılığın göstəricisidir.
Sosial media reallığı təhrif edir. Filtrlənmiş şəkillər, saxta gülümsəmələr, parıltılı həyat tərzləri gənclərdə “mən niyə belə deyiləm?” düşüncəsini yaradır. Özünü dəyərsiz hiss edən gənclər getdikcə daha çox virtual aləmdə təsəlli axtarır. Bu isə real dostluqların, söhbətlərin, insan ünsiyyətinin azalmasına səbəb olur.
Psixoloqların fikrincə, sosial mediaya asılılıq beyin fəaliyyətinə də təsir edir — diqqət dağılır, yaddaş zəifləyir, yuxu rejimi pozulur. Ən təhlükəlisi isə, gənclərin real həyatla virtual dünyanın sərhədlərini itirməsidir.
Amma çıxış yolu var: texnologiyanı düşmənə çevirmədən, ondan düzgün istifadə etməyi öyrənmək. Sosial media insanın xidmətində olmalıdır, insan sosial medianın yox. Real həyatda təbiətlə, ailə ilə, dostlarla ünsiyyət bəzən bir “like”dan daha çox xoşbəxtlik gətirə bilər.
M.Mehdiyeva
![]()
