Döyüşün adı: Mən
Geri dönüb keçmişə baxıram…
Əvvəllər sadəcə yaşayıb keçdiyim günlər, bu gün mənə bir hekayə kimi görünür. İçində mübarizə var, dözüm var, yorğunluq, göz yaşı və susqunluqla çarpışan güc var. Və indi anlayıram – mən o hekayənin qəhrəmanından başqa bir şey olmamışam.
Bu günə qədər nə qədər güclü olduğumu indi görürəm. Bəlkə də əvvəlcə anlamamışdım – yorulmağa haqqım varmış, dərdimi bölüşməyə, bir çiyinə söykənməyə haqqım varmış… Və bəlkə də… bir az nəfəs almaq üçün hər şeydən, hamıdan bir müddət uzaq qalmağa da.
Yola baxıram.
Sonra təəccüblə bir daha dönüb o yola yenidən baxıram. Bu daşlı, enişli-yoxuşlu, bəzən işıqsız, bəzən nəfəs kəsən yolda necə yürümüşəm?! Hələ o kiçik, qorxaq, lakin dönməz addımlarımla…
Və anlayıram: bu yolu keçən mən olmuşam!
Hər çətinlikdə təkbaşına savaşan, hər tənha gecədə içindəki işığı qoruyan — mən!
Bir an canlanır gözümün önündə.
Ulduzların belə yolunu itirdiyi, qaranlığın ümidi boğduğu bir gecə… Soyuq yolun ortasında diz çöküb, titrəyən əllərlə göz yaşlarımı silirəm. Sakitcə özümü sakitləşdirirəm… Dərin bir nəfəs alıram və… əvvəl ümidimi, sonra özümü ayağa qaldırıram.
Çünki bu yol mənim yolumdur. Çünki geri dönmək seçim deyildi – irəli getmək məcburiyyət idi.
Özümü görürəm – döyüşən, sevməyə davam edən, öz dünyasının boşluqlarını özü dolduran bir “MƏN”…
İndi o halıma baxıram – yorğun, amma cəsur. Qəlbimdə bir istilik yaranır. Sanki içimdən gələn bir səs pıçıldayır:
“Bəsdir artıq… yetərincə çalışdın. Yetərincə döyüşdün. Hətta uduzduğun mübarizələr belə dəyərlidir. Çünki o məğlubiyyətlər səni böyütdü. Onlar sənin zəfər pillələrin oldu”.
İndi baxıram — sağalmış, bəlkə də hələ də qanayan yaralarıma.
Baxıram — qırılmış, amma yenidən bərpa edilmiş özümə.
Başı dik bir insan kimi dayanmışam. Əldə etdiyim hər şey — az və ya çox, acı və ya şirin — O Böyük Rəbbin mərhəməti və mənə bəxş etdiyi iradənin nəticəsidir.
O mənə yol göstərdi. Qaranlıqda işıq göndərdi. Mən isə o işığı söndürmədim.
Geri dönüb özümə pıçıldayıram:
“Döyüş, ey döyüşçüm, döyüş! Daha yaxşı olmaq üçün bu mübarizəni yarımçıq qoyma. Çünki sən bu dünyanın ən gözəlinə layiqsən. Və unutma — hər çətinliyin sonunda sən bir az daha sevilməyə, bir az daha dəyərli olmağa layiqsən. Yorulsan da, tükənsən də, ağlasan da… dayanma”.
“Unutma: Döyüşən uduza bilər, amma döyüşməyən onsuz da əvvəlcədən uduzmuşdu”.

Oqtay Oruc
Azərbaycan Jurnalistlər İttifaqının üzvü
![]()
