“Birləşmiş Ştatlar potensial hərbi münaqişəyə hazır olmalıdır”.
Bunu Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev Paraqraf.com-a bildirib ki, Den Keynin “Birləşmiş Ştatlar potensial hərbi münaqişəyə hazır olmalıdır açıqlaması” öncədən düşünülmüş bir-birini zəncirvari izləyən hadisələrin məntiqi davamıdır:

“Cari ilin sentyabrın 3-də ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin (Pentaqonun) adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsinin daha məqsədəuyğun olduğunu açıqladı. Qurumun ad dəyişikliyi qanunla müəyyənləşdirilsə də, D.Tramp tərəfindən verilən sərəncamla “Müharibə Nazirliyi” ikinci dərəcəli titul kimi qəbul edilir. Bunu etməkdə səbəb isə aydındır “Müdafiə” sözü daha çox qorunmağa, təhlükə və təhdidləri neytrallaşdırmağa hesablansa da, “Müharibə” isə açıq şəkildə hücum və təhdidin tamamilə aradan qaldırılmasına fokuslanır. Bir neçə gün öncə isə ABŞ-nin müdafiə naziri Pit Heqset generallar və admirallarla görüşdə Pentaqonun yeni missiyasının döyüş əməliyyatları olacağını açıqlayıb. ABŞ rəsmiləri bu tip açıqlamalar verməklə, ABŞ-nin müharibələrlə bağlı ənənəvi- neytrallaşdırma siyasətinin, hücum-məcburetmə taktikası ilə əvəzləndiyini bildirirlər.
Dünyada davam edən və miqyas baxımından genişlənən aktiv münaqişələrin sayının artması fonunda ABŞ tərəfindən atılan bu addımların konkret bir istiqamətli olduğunu demək mümkünsüzdür”.
Siyasi şərhçi əlavə edib ki, ABŞ Prezidenti dünyada davam edən münaqişələri bitirməyi və bununla da, Nobel Sülh Mükafatı almağı hədəfləyir:
“Beynəlxalq münasibətlərdə “sülhə məcburetmə” ifadəsi mövcuddur. ABŞ bu taktikadan istifadəni genişləndirə bilər.
Bir müddət öncə Qətərdə Həmas nümayəndələrinin müşavirə keçirdiyi binanın İsrail tərəfindən ABŞ-nin xüsusi dəstəyi və hərbi bazasından istifadə etməklə bombalanması faktını da xatırlamaq lazımdır. Bu baxımdan, yanaşdıqda görürük ki, D.Trampın bir neçə gün öncə açıqladığı “Qəzza planı”nın Həmas tərəfindən qəbul edilməməsi daha geniş ekslasiya ilə nəticələnəcəkdir. Eyni zamanda davam etməkdə olan Rusiya-Ukrayna müharibəsində Rusiyanın hələ də ABŞ ilə razılığa gələ bilməməsi, Ukraynaya edilən hərbi yardımları, o cümlədən kəşfiyyat məlumatlarının ötürülməsini artıra bilər.
Den Keyn öz açıqlamasında bildirir ki, Vaşinqtonun rəqibləri bu gün əvvəlkindən daha koordinasiyalı şəkildə hərəkət edirlər. O rəqiblərin kim olduğunu açıqlamasa da, ABŞ-nin bugün diqqətində olan qaynar nöqtələr hər kəsə aydındır. İsrail-Həmas və Rusiya-Ukrayna münaqişəsi, o cümlədən Əfqanıstan ilk sıralarda yer alır. ABŞ rəsmilərinin açıqlamalarına əsaslanaraq deyə bilərik ki, həmin qaynar yerlərdə ABŞ-nin maraqlarına uyğun gəlməyən dəyişikliklərin olması, ya birbaşa ABŞ-nin hərbi müdaxiləsi, ya da ABŞ-nin hərtərəfli və geniş hərbi dəstəyi ilə nəticələnə bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
