Neft Fondunun gəlirlərində AZALMA – Risk, yoxsa…
ABŞ-İran münaqişəsinin qlobal bazarlarda yaratdığı təbəddülatlar, Azərbaycanın neft hasilatı və ixracının azalması Dövlət Neft Fondunun aktivlərinin azalması ilə müşayiət olunur.
Paraqraf.com Fondun açıqladığı hesabata istinadən xəbər verir ki, 2026-cı ilin birinci yarısında Fondun real gəlirləri xərclərindən az olub. Nəticədə ilin əvvəlində 73 milyard 542 milyon ABŞ dolları (125 milyard 21 milyon manat) olan aktivlər iyulun 1-nə 72 milyard 596 milyon ABŞ dollarına (123 milyard 414 milyon manat) qədər azalıb.
Fond bildirir ki, 2026-cı ilin yanvar-iyun ayları ərzində 8 milyard 531, 3 milyon manat ümumi gəlir əldə edib. Bunun 4 milyard 953,4 milyon manatı bilavasitə neft-qazın satışından əldə olunan mənfəətdir. Altı ayda vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 milyard 577,9 milyon manat təşkil edib.

Hesabat dövründə Fondun büdcə xərcləri 6 milyard 449,7 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, real gəlirlər xərclərdən 1 milyard 496,3 milyon manat az olub.
Fondun hesabat dövründə qızıl qiymətinin və valyuta məzənnələninin dəyişməsindən 3 milyard 688,1 milyon manatlıq büdcədənkənar xərci yaranıb.
Fondun açıqlamasına görə, ABŞ-İran münaqişəsi nəticəsində qlobal maliyyə və enerji bazarlarında yüksək volatillik müşahidə olunub və müharibə bütün investisiya istiqamətlərinə mənfi təsir göstərib. İkinci rüb ərzində isə müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunub, müsbət gəlirlilik əldə edilib, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə verib.
Fondun hesabatından həmçinin aydın olur ki, qurum ikinci rübdə qızıl satışını dayandırıb. Belə ki, ikinci rübün sonunda Fondun qızıl ehtiyatları elə birinci rübün sonundakı qədər – 178,1 ton təşkil edib.
Xatırladaq ki, Fond birinci rübdə 22 tona yaxın qızıl satıb və bunu investisiya portfelində qızılın çəkisini qanunvericiliyə uyğunlaşdırmaq məqsədi ilə izah edib. Lakin açıqlanan məlumatlar göstərir ki, Fondun büdcə xərclərini icra etmək, xüsusilə də neft qiymətlərinin kəskin aşağı olduğu yanvar-fevral aylarında dövlət büdcəsinə transferti reallaşdırmaq üçün sərbəst vəsaitə ehtiyac duyduğuna görə qızıl satışına getməsi daha real səbəb ola bilər.

Qeyd edək ki, bu il iyulun 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 31,4 faiz olub ki, bu da aprelin 1-i ilə müqayisədə 4,2 faiz bəndi azdır.Azalma qızılın dünya bazar qiymətinin düşməsindən qaynaqlanır.
Portfeldə istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz azalaraq 33,8 faiz təşkil edib.
Səhmlərin payı isə illik ifadədə 2,4 faiz bəndi artaraq 28,1 faiz olub, daşınmaz əmlakın payı isə dəyişməyərək 6,7 faiz qalıb.

İnvestisiya portfelinin 27,5 faizi Şimali Amerikada(illik müqayisədə 2,2 faiz artım), 27 faizi Avropada(4,4 faiz azalma), 9,9 faizi Asiyada(0,8 faiz bəndi artım), 1,4 faizi Yaxın Şərqdə(dəyişməyib), 1,1faizi Avstraliya və Yeni Zelandiyada(0,2 faiz bəndi artım), 0,1 faizi isə Cənubi Amerikada(dəyişməyib) cəmləşib.
Yuxarıda da qeyd etdiyimiz kimi, Fondun neft-qaz satışından əldə olunan gəlirlərində azalma var. Belə ki, altı ayda “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından Fonda 4 milyard 374,9 milyon manat daxil olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 52,4 milyon manat və ya 1,2 faiz azdır. Ötən ilin ilk yarısında AÇG-dən Fonda 4 milyard 427,3 milyon manat daxil olmuşdu. Bu azalma birbaşa neft ixracındakı azalmadan qaynaqlanır. ABŞ-İran münaqişəsi neft qiymətlərini kəskin artırmasaydı, Fondun neft gəlirləri ikiqat az olacaqdı. Belə ki, qiymətlərin aşağı olduğu yanvar-ferval aylarını da əhatə edən birinci rübdə bu yataqdan Fonda cəmi 1 milyard 400,5 milyon manat daxil olmuşdu. Növbəti aylarda ixrac azalsa da, qiymətlərin yüksəlməsi Fondun bu mənbədən gəlirlərinin ikinci rübdə 3 dəfədən çox artmasına səbəb olub – yarım illik gəlirlərin 3 milyard 26,8 milyon manatı məhz ikinci rübdə daxil olub.

Birinci yarımildə AÇG-də 7,9 milyon ton neft hasil edilib. Bunun 4 milyon tonu birinci rübdə, 3,9 milyon tonu isə ikinci rübdə hasil edilib.
Neft hasilatındakı azalma yatağın qocalması səbəbindən davamlı xarakter daşıyır. Bu baxımdan, Fondun bu əsas mənbədən gəlirlərinin həcmi birbaşa neftin dünya bazar qiymətindən asılıdır. ABŞ-İran münaqişəsinin yenidən alovlanması, Yaxın Şərqdən dünya bazarında neft çıxarılan iki mühüm boğazda – Hörmüz və Bab-əl Məndəbdə keçidin tam bağlanması təhlükəsinin yaranması fonunda dünya bazarında qiymətlər Azərbaycan üçün əlverişli həddədir. Son məlumata əsasən Azərbaycan nefti 109 dollara ticarət olunur. Münaqişənin davamlı xarakter alması ən azı bu ilin sonunadək neft qiymətlərinin Azərbaycan, o cümlədən də Neft Fondu üçün komfort səviyyədə qalacağı gözlənilir. Buna görə də ilin yekununda Fondun büdcə gəlirlərinin xərclərinə bərabərləşməsi ehtimalı böyükdür.
Qeyd edək ki, ilin birinci yarısında Fondun digər əsas gəlir mənbəyi olan “Şahdəniz” yatağından gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 437,1 milyon manata bərabər olub.
Dünya
![]()