İran, ABŞ və İsrail arasında davam edən hərbi-siyasi qarşıdurma Yaxın Şərqdə gərginliyi yenidən gündəmə gətirib.
Son günlər tərəflər arasında nisbi sakitlik müşahidə olunsa da, vəziyyət hələ də həssas olaraq qalır və istənilən an yenidən genişmiqyaslı qarşıdurmaya çevrilə bilər.
Politoloq Oqtay Qasımov Paraqraf.com-a bildirib ki, aprel ayından etibarən ABŞ və İran arasında əldə olunmuş atəşkəs fonunda danışıqlar davam edir, lakin tərəflər arasında zaman-zaman qarşılıqlı zərbələr də qeydə alınır:

“Bir neçə gün əvvəl İran İsrailin Livanda həyata keçirdiyi əməliyyatlara cavab olaraq İsrail ərazilərini raket atəşinə tutdu. ABŞ Prezidenti Donald Trampın müdaxiləsindən sonra İsrail əməliyyatları dayandırdı və diplomatik prosesin davam etdirilməsinə şərait yaradılmasını istədi.
Bununla yanaşı, İran ötən gün ABŞ-yə məxsus helikopteri vurduğunu açıqladı. Buna cavab olaraq ABŞ Mərkəzi Komandanlığı İran ərazisində bir neçə hədəfə zərbələr endirdi. Lakin bu hadisələrin danışıqlar prosesini dayandıracağı gözlənilmir. ABŞ Prezidenti bütün hallarda diplomatiyanın davam etməsini və İranla müəyyən razılaşmanın əldə olunmasını istəyir.
Bu baxımdan, hərbi eskalasiya riski hər zaman qalmaqdadır. İsrailin Baş naziri hazırda Tramp administrasiyasının ciddi təzyiqləri altında müəyyən addımlardan çəkinsə də, əlverişli şərait yaranacağı təqdirdə yenidən sərt mövqe nümayiş etdirə bilər.
Regionda mümkün yeni qarşıdurmalar həm Yaxın Şərq, həm də dünya üçün əlavə gərginlik yaradır. Bölgə ölkələrinin münaqişəyə cəlb olunması ehtimalı artır. Eyni zamanda, Yaxın Şərqdəki müharibələrlə əlaqədar dünya enerji bazarında yenidən dalğalanma yaranır ki, bu da qlobal iqtisadiyyata mənfi təsirlər göstərə bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()