Quru sərhədlərin uzun müddətdir bağlı qalması vətəndaşlar üçün müxtəlif sosial və iqtisadi çətinliklər yaratmağa davam edir.
Bu problemlərdən biri də xaricə gediş-gəliş xərclərinin əhəmiyyətli dərəcədə artmasıdır. Xüsusilə təhsil, iş və ailə səbəbilə mütəmadi olaraq xaricə səfər edən şəxslər yalnız hava nəqliyyatından istifadə etmək məcburiyyətində qaldıqlarından əlavə maliyyə yükü ilə üzləşirlər.
Yay mövsümünün yaxınlaşması və tədris ilinin başa çatması ilə minlərlə azərbaycanlı tələbə təhsil aldıqları ölkələrdən Azərbaycana qayıtmağa hazırlaşır. Lakin aviabiletlərin qiymətlərinin bəzi hallarda 600 manatdan başlaması tələbələrin və onların ailələrinin büdcəsinə ciddi təsir göstərir.
Bu səbəbdən quru sərhədlərdən istifadəyə imkan verilməsi və ya ən azından tələbələr üçün xüsusi mexanizmlərin tətbiqi ilə bağlı çağırışlar yenidən gündəmə gəlib.
İqtisadçı-ekspert Natiq Cəfərli “Paraqraf.com”-a açıqlamasında bildirib ki, bu məsələ son illər mütəmadi olaraq müzakirə olunur:

“Bu problem kifayət qədər aktualdır. Xaricdə on minlərlə azərbaycanlı tələbə təhsil alır. Təkcə Türkiyədə təxminən 25 min tələbəmiz var. Problemin əsas səbəbi aviabiletlərin baha olmasıdır. Maraqlı məqamlardan biri isə Naxçıvan istiqamətində sərhəd keçidinin mümkün olmasıdır. Heç olmasa yay mövsümündə yalnız Naxçıvan qeydiyyatında olan şəxslər üçün deyil, Türkiyədə təhsil alan tələbələr üçün də Naxçıvan üzərindən giriş imkanları yaradılsa, onlar daha sərfəli şəkildə ölkəyə qayıda bilərlər”.
Ekspert qeyd edib ki, sessiya dövrü iyunun ikinci yarısında başa çatır və tələbələrin yay tətili başlayır:
“Bu səbəbdən onların Azərbaycana daha əlçatan şərtlərlə qayıtması üçün müəyyən həll mexanizmlərinin nəzərdən keçirilməsi məqsədəuyğun olardı”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()