1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bütün dünyada olduğu kimi, Azərbaycanda da xüsusi diqqət və həssaslıqla qeyd olunur. Bu əlamətdar gün uşaqların hüquqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin vacibliyini bir daha gündəmə gətirir.
İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucovanın sözlərinə görə, güclü dövlətin və sağlam cəmiyyətin təməlində məhz uşaqlar dayanır. Hər bir ölkənin gələcəyi bugünkü nəslin necə yetişməsindən, onların təhsilindən, sağlamlığından və sosial rifahından birbaşa asılıdır. Buna görə də uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və layiqli vətəndaş kimi formalaşdırılması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri hesab olunur.
Azərbaycanda uşaqların rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi və keyfiyyətli təhsil imkanları ilə təmin olunması daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət nəticəsində uşaqların sağlam, təhlükəsiz və firavan şəraitdə böyüməsi üçün mühüm addımlar atılır, onların gələcəyinə xidmət edən dövlət proqramları ardıcıl şəkildə icra olunur.
Turanə Orucova qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən çoxsaylı humanitar layihələr də uşaqların rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xüsusilə sosial qayğıya ehtiyacı olan uşaqların həyat şəraitinin yaxşılaşdırılması, onların sağlamlığının qorunması, təhsil imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər humanizm dəyərlərinin təntənəsinin bariz nümunəsidir.
Bu gün Azərbaycan uşaqları dövlət qayğısı ilə əhatə olunub. Onların bilikli, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı və müasir dünyagörüşlü vətəndaşlar kimi formalaşması üçün hərtərəfli şərait yaradılıb. Çünki uşaqlara qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir və ölkənin inkişafı məhz sağlam, savadlı və xoşbəxt nəslin yetişməsindən keçir.
Sonda Turanə Orucova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edərək onlara sağlamlıq, xoşbəxtlik, sevinc dolu günlər və parlaq gələcək arzulayıb. O bildirib ki, hər bir uşağın hüquqlarının qorunması, arzularının gerçəkləşməsi və onların üzündəki təbəssümün daim qalması cəmiyyətin ən mühüm vəzifələrindən biridir. Uşaqların gülüşü isə gələcəyə olan inamın və ümidin ən gözəl ifadəsidir.
Paraqraf.com
![]()
