“ABŞ Kubaya hücum planlaşdırır”.
Bu iddia ilə Puerto-Riko qubernatoru Jennifer González yerli mediaya açıqlamasında çıxış edib. O, ABŞ-nin Kubaya qarşı mümkün hərbi əməliyyata hazırlaşdığını bildirib.
Qubernatorun sözlərinə görə, Vaşinqtonun yaxın günlərdə Kubaya müdaxilə planı var:
“Gələn həftə Kubaya hücum planlaşdırılır”.
Jurnalist, siyasi şərhçi Həsən Məmmədov “Paraqraf.com”a açıqlamasında bildirib ki, hazırkı geosiyasi vəziyyətdə ABŞ-nin Kubaya hərbi müdaxiləsi real görünmür:

“Hazırda ABŞ-nin əsas diqqəti İran, Yaxın Şərqdəki gərginlik və bölgədə davam edən qarşıdurmalara yönəlib. İranın proksi qüvvələri ilə mübarizə və regiondakı hərbi-siyasi proseslər Vaşinqton üçün əlavə iqtisadi və strateji yük yaradır. Bu səbəbdən ABŞ-nin eyni anda Kubada yeni hərbi cəbhə açması inandırıcı görünmür.
Tarixdə ABŞ-nin Kubaya qarşı bir neçə müdaxilə planı olub. Xüsusilə “Soyuq müharibə” dövründə SSRİ ilə ABŞ arasında yaşanan Karib böhranı zamanı vəziyyət son dərəcə kritik həddə çatmışdı. Hətta həmin dövrdə Kubaya nüvə zərbəsi endirilməsi ssenariləri də müzakirə olunurdu. Lakin son nəticədə tərəflər diplomatik danışıqlarla razılığa gəldilər”.
Şərhçi qeyd edib ki, ABŞ ilə Kubanın münasibətləri tarixi baxımdan uzun illərdir gərgin xarakter daşıyır:
“ABŞ İspaniya ilə müharibə dövründə də Kubaya müdaxilə etmişdi. Kubanın müstəqillik prosesində Vaşinqton mühüm rol oynayıb. Həmin dövrdə ABŞ Prezidenti Theodore Roosevelt bölgədə aktiv iştirak edirdi. Sonrakı illərdə Kubada Amerika mafiyası və biznes dairələrinin təsiri gücləndi. Buna baxmayaraq, ölkə əhalisi ağır sosial vəziyyətdə yaşayırdı. 1959-cu ildə isə Fidel Castro Batista rejimini devirdi”.
Həsən Məmmədovun sözlərinə görə, hazırda Kuba ciddi iqtisadi və enerji böhranı ilə üz-üzədir:
“Kubada yanacaq, elektrik enerjisi və infrastruktur problemləri var. ABŞ bölgədə ciddi nəzarət imkanlarına malikdir və Kubaya yönələn bir çox fəaliyyətləri məhdudlaşdıra bilir. Bu gün Latın Amerikasında da Kubaya açıq şəkildə ciddi dəstək verə biləcək güclü siyasi qüvvə görünmür. Müəyyən mənada Rusiyanın dəstəyi mümkün sayılsa da, ümumi vəziyyət Kuba üçün kifayət qədər həssasdır.
Əgər ABŞ hərbi müdaxilə etsə, məqsəd rejim dəyişikliyi və Vaşinqtona yaxın yeni idarəetmə modelinin formalaşdırılması ola bilər. Bununla belə, Yaxın Şərqdə vəziyyət sabitləşmədən ABŞ-nin özünə ikinci böyük cəbhə açacağı ehtimalı zəifdir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
