Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Tarix və Vətənpərvərlik Klubu, CreArt Klubu və Jurnalistika Departamentinin birgə təşkilatçılığı ilə yazıçı-müəllif Fəxrəddin Ziyanın iştirakı ilə “Şuşa Zəfəri” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri Anar Osmanlı iştirak edərək çıxışında zəfər tariximizin gənclər arasında təbliğinin vacibliyindən bəhs edib. O bildirib ki, bu kimi tədbirlər milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi və tarixi yaddaşın gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Anar Osmanlı müəllifə və təşkilatçı heyətə təşəkkürünü ifadə edib.
Görüş çərçivəsində Fəxrəddin Ziyanın böyük zəhmət və araşdırmalar nəticəsində ərsəyə gətirdiyi “Şuşa Zəfəri” adlı kitabının təqdimatı baş tutub. Müəllif çıxışı zamanı kitabın yazılma prosesi, tarixi faktların toplanması və əsərin əsas ideyası barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbir boyunca tələbələr müəllifin yaradıcılıq yolu, zəfər tariximizə dair baxışları və kitabın ərsəyə gəlmə mərhələləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların ünvanladıqları suallar müəllif tərəfindən cavablandırılıb.

Nigar Rüstəmzadə
Paraqraf.com
![]()
