Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günü münasibətilə Şəhidlər xiyabanında onun əziz xatirəsi ehtiramla yad olundu. Anım mərasimində iştirak edənlər qəhrəmanın şücaətindən danışdı, ruhuna dualar oxundu. Bu duyğulu məqamda Albert Aqarunovun qısa, lakin şərəfli ömür yolunu poetik dillə əbədiləşdirən, hələ tam şəkildə işıq üzü görməyən bir əsəri xatırlamamaq mümkün deyil.
Yəhudi əsilli şair, publisist və jurnalist Dəyanət Səlimxanlı tərəfindən qələmə alınan “Müharibənin sonuna kimi” lirik-dramatik poeması Milli Qəhrəman Albert Aqarunovun keçdiyi qəhrəmanlıq yoluna həsr olunub. Müəllif əsərdə Vətən uğrunda canından keçən igid tankçının döyüş yolunu, torpağa bağlılığını və misilsiz cəsarətini böyük sevgi və qürur hissi ilə təqdim edir.
Bu əsər yalnız bir qəhrəmanın həyat hekayəsi deyil. Burada Azərbaycan oğullarının Vətən sevgisi, mərdliyi və fədakarlığı bədii şəkildə əks olunur. Albert Aqarunovun adı tariximizə qızıl hərflərlə yazıldığı kimi, Dəyanət Səlimxanlı da onu sözün gücü ilə yaddaşlarda yaşadır.
Müəllif əsəri yazdıqdan sonra Albert Aqarunov haqqında düşüncələrini belə ifadə edib:
“Sən ölmədin, uca Yaradanın məqamında dirisən. Sən bir-birinə yaxın, doğma və əbədi dost olan iki xalqın – yəhudi və Azərbaycan xalqının qəhrəmanlıq tarixisən. Uğrunda döyüşdüyün Şuşa şəhərinin sakinləri deyirdi: “Şuşa alınan kimi sənin heykəlini Şuşa qalasının ən uca yerində qoyacağıq”.
Sən Şuşamız uğrunda canından keçdin. Xocalını, Cıdır düzünü Vətən torpağı bildin. İllər ötəcək, zaman dəyişəcək, amma sənin qəhrəmanlığın nəsildən-nəslə ötürüləcək. Azərbaycanın tarixi yaddaşı səni heç vaxt unutmayacaq.
Sənin adın hər iki xalqın övladlarına veriləcək. Yeni Albertlər doğulacaq və onlar sənin kimi olmağa çalışacaqlar. Sənin qəhrəmanlıq məktəbin həm Azərbaycanda, həm də İsraildə öyrəniləcək.
Sənin Vətən sevgin, mübarizliyin və döyüşə-döyüşə ucalıqlara boylanmağın məni “Müharibənin sonuna kimi…” dramatik poemasını yazmağa sövq etdi…”
Azərbaycan hər zaman öz qəhrəman oğulları ilə fəxr edib və edəcək. Albert Aqarunov da igidliyi, döyüş ruhu və Vətən sevgisi ilə xalqımızın yaddaşında əbədi yaşayan qəhrəmanlardan biridir. 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə son nəfəsinə qədər vuruşan Albert şəhid döyüş yoldaşlarını təhlükəsiz əraziyə daşıyarkən snayper gülləsinə tuş gəlib.
Onun ölümü qəhrəmanlıq dastanına çevrildi. 1992-ci ilin 8 mayından 2020-ci ilin 8 noyabrına qədər uzanan yol Azərbaycanın Zəfəri ilə tamamlandı. Şuşa azad olundu, qəhrəmanlarımızın qisası alındı və onların adı tariximizə əbədi həkk edildi.
Albert Aqarunov bu gün yalnız bacarıqlı tankçı kimi deyil, həm də iki xalq arasında dostluğun, qardaşlığın və mənəvi birliyin rəmzi kimi xatırlanır. O, həm Azərbaycan, həm də yəhudi xalqının qəhrəmanlıq simvoluna çevrilib.
Məqalədə diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın multikultural dəyərlərinə verilən önəmdir. Müəllif vurğulayır ki, yəhudi xalqı və İsrail dövləti hər zaman Azərbaycanın yanında olub, Azərbaycan isə öz multikultural ənənələrinə daim sadiq qalıb.
Dəyanət Səlimxanlı bildirib ki, “Müharibənin sonuna kimi” lirik-dramatik poeması Milli Qəhrəman Albert Aqarunovun Şuşada heykəli ucaldıldığı gün işıq üzü görəcək.




Aynur Nadirqızı
Paraqraf.com
![]()
