“Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və bu şəraitə uyğunlaşırıq”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxışı zamanı səsləndirib.
Dövlət başçısı xatırladıb ki, ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri birgə bəyannamə imzalayıblar. O qeyd edib ki, sülh əldə olunduqdan sonra Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb.
Prezident vurğulayıb ki, sülhün əsas nəticələrindən biri də bağlantıların genişlənməsidir:
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu Azərbaycanı onun eksklavı olan Naxçıvanla birləşdirəcək və bu yol Orta Dəhlizin bir hissəsinə çevriləcək”.
Onun sözlərinə görə, artıq həm Azərbaycan, həm də Ermənistan sülhün praktik faydalarını hiss edir.
Milli Məclisin deputatı Azər Allahverənov “Paraqraf.com”a açıqlamasında deyib ki, Prezidentin çıxışı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması baxımından mühüm mesajlarla zəngin olub:

“Beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa ölkələri liderlərinin iştirak etdiyi platformada Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər ölkənin sülh quruculuğu istiqamətində atdığı addımları aydın şəkildə ortaya qoyur. Bununla yanaşı, müxtəlif kanallar vasitəsilə bu prosesə mane olmağa çalışan qüvvələrin də mövcudluğu müşahidə olunur.
Son doqquz ay ərzində Ermənistan-Azərbaycan münasibətlərində normallaşma istiqamətində ciddi irəliləyişlər əldə edilib. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan sonra iki ölkə arasında təmasların intensivliyi artıb. Uzun illər davam edən münaqişə artıq post-münaqişə mərhələsinə daxil olub və hazırda atılan addımlar sülh müqaviləsinin imzalanmasına yönəlib”.
Deputat qeyd edib ki, Ermənistanda Konstitusiyada dəyişikliklərin edilməsi mühüm şərtlərdən biridir:
“Bunun üçün parlament seçkilərinin keçirilməsi və nəticədə Paşinyanın rəhbərlik etdiyi partiyanın qalib gəlməsi vacibdir. Bu halda Konstitusiyada dəyişiklik etmək mümkün olacaq. Əsas məqsəd isə Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarının aradan qaldırılmasıdır. Bu tələblər yerinə yetirildiyi təqdirdə, nə Azərbaycana, nə də Türkiyəyə qarşı ərazi iddiaları qalmaz və sülh müqaviləsinin imzalanmasına maneə yaranmaz”.
O əlavə edib ki, bölgədə paralel olaraq bir sıra mühüm layihələr də həyata keçirilir:
“2026-cı ilin birinci yarısında hazırlıq işlərinin aparılması, ikinci yarısında isə yolun inşasına başlanması planlaşdırılır. Bu çərçivədə ABŞ nümayəndələrinin Ermənistana səfərləri də baş tutur. Layihə Azərbaycan üçün əsas ərazi ilə Naxçıvan arasında birbaşa bağlantının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır və gələcəkdə Orta Dəhlizin əsas seqmentlərindən birinə çevrilə bilər.
Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, alternativ marşrutun formalaşması yükdaşıma imkanlarını artıracaq. Bu proses Ermənistan üçün də iqtisadi baxımdan əhəmiyyətli dividendlər vəd edir”.
Deputatın sözlərinə görə, kommunikasiya xətlərinin açılması artıq real nəticələr verir:
“Azərbaycan birtərəfli qaydada kommunikasiya xətlərini açıb. Bu gün Ermənistan kritik məhsullarla təmin olunur. Azərbaycan bu ölkəyə 12 min ton benzin və dizel ixrac edib. Eyni zamanda, Azərbaycan ərazisi vasitəsilə Rusiya və Qazaxıstana taxıl və gübrə daşınır. Bu faktlar kommunikasiya əlaqələrinin bərpa olunduğunu göstərir”.
Azər Allahverənov qeyd edib ki, Azərbaycanın qaz ixracı coğrafiyası da genişlənir:
“Hazırda Avropa İttifaqının 10 ölkəsi Azərbaycan qazından istifadə edir və bu coğrafiyanın daha da genişlənəcəyi gözlənilir. Enerji sahəsində əməkdaşlıq Azərbaycan üçün strateji əhəmiyyət daşıyır”.
O bildirib ki, Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edir:
“Ötən il Azərbaycan 25 milyard kubmetr qaz ixrac edib ki, bunun 9,5 milyard kubmetri İtaliyanın payına düşür. Digər ölkələr vasitəsilə də bu coğrafiyanı genişləndirmək üçün imkanlar mövcuddur. Bu istiqamətdə atılan addımlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
