Müasir beynəlxalq münasibətlər sistemində ölkələrarası tərəfdaşlığın dəyəri yalnız diplomatik əlaqələrlə məhdudlaşmır, eyni zamanda qarşılıqlı etimad, iqtisadi inteqrasiya və ortaq strateji maraqların səviyyəsi ilə müəyyən olunur. Bu baxımdan Azərbaycan ilə İtaliya arasında formalaşmış münasibətlər Avropa ilə Cənubi Qafqaz arasında uğurlu əməkdaşlıq modeli kimi diqqəti cəlb edir. Enerji təhlükəsizliyi, ticarət dövriyyəsinin artımı və qarşılıqlı investisiyalar bu əlaqələrin möhkəmlənməsində əsas rol oynayır.
Belə bir strateji fon üzərində İtaliya Respublikası Nazirlər Şurasının sədri Giorgia Meloni-nin Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşlər və səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin həm mövcud səviyyəsini, həm də gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan və İtaliya arasında əlaqələrin möhkəm hüquqi baza üzərində qurulduğunu və strateji tərəfdaşlıq sənədlərinin bu münasibətlərin əsasını təşkil etdiyini vurğuladı. Eyni zamanda, İtaliya Baş nazirinin regiona səfəri zamanı nümayiş etdirdiyi yanaşma və Azərbaycanın bu səfərdə xüsusi yer tutması ölkəmizə olan hörmətin və tərəfdaşlığa verilən önəmin göstəricisi kimi qiymətləndirilir.
İqtisadi sahədə əməkdaşlıq münasibətlərin əsas dayaqlarından biri olaraq qalır. İtaliya uzun müddətdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və bu fakt qarşılıqlı iqtisadi maraqların genişliyini göstərir. Energetika sahəsində əməkdaşlıq isə xüsusi çəkisi ilə seçilir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkələrdən biri kimi İtaliya ilə bu istiqamətdə sıx əməkdaşlıq edir.
Bu əməkdaşlığın əsas sütunlarından biri olan Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycan qazı Avropa bazarına çatdırılır. Layihənin mühüm hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) isə İtaliya ilə enerji əlaqələrinin əsas texniki platformasıdır. Tərəflər bu kəmərin genişləndirilməsi və qaz ixracının artırılması istiqamətində müzakirələr apararaq əməkdaşlığın daha da dərinləşdirilməsi niyyətini ortaya qoyurlar.
Eyni zamanda münasibətlərin yeni istiqamətləri də formalaşır. Hərbi-texniki əməkdaşlıq sahəsində birgə layihələrin həyata keçirilməsi, texnologiya transferi və istehsal imkanlarının yaradılması ilə bağlı müzakirələr tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu isə Azərbaycan–İtaliya əlaqələrinin yalnız ənənəvi sahələrlə məhdudlaşmadığını təsdiqləyir.
İnvestisiya mühiti də qarşılıqlı əməkdaşlığın mühüm elementlərindəndir. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yönəltdiyi iri həcmli sərmayələr və İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti bu əlaqələrin qarşılıqlı fayda prinsipi əsasında inkişaf etdiyini göstərir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr İtaliya biznesinin Azərbaycanın bərpa və quruculuq prosesində fəal iştirakını nümayiş etdirir.
Təhsil və humanitar sahədə əməkdaşlıq da diqqətəlayiq istiqamətlərdəndir. Bakıda fəaliyyət göstərən İtaliya–Azərbaycan Universiteti iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. Burada təhsil alan gənclər gələcəkdə bu əməkdaşlığın davamlılığını təmin edən əsas insan kapitalına çevrilir.
Giorgia Meloni-nin Azərbaycana səfəri göstərir ki, Azərbaycan–İtaliya münasibətləri yalnız mövcud nailiyyətlərlə məhdudlaşmır, eyni zamanda yeni çağırışlara uyğun şəkildə inkişaf edir. Bu tərəfdaşlıq geosiyasi reallıqlar fonunda daha da möhkəmlənərək regional və qlobal əməkdaşlıq üçün mühüm model kimi əhəmiyyətini artırır.
Samirə Hüseynova
Paraqraf.com
![]()
