Son günlərdə sosial şəbəkələrdə internet xidmətlərinin qiymətlərinin artması ilə bağlı müxtəlif məlumatlar və iddialar yayılır. Gündəlik həyatda internetdən aktiv istifadə edən vətəndaşlar bu məsələyə daha həssas yanaşır. Qiymətlərin yüksəlməsi ehtimalı ailə büdcələrinə təsir göstərə biləcəyi üçün bu iddialar cəmiyyətdə müəyyən narahatlıq yaradır.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov “Paraqraf.com”a bildirib ki, internet tariflərindəki dəyişikliklər qlobal iqtisadi meyillər və artan rəqəmsal tələbat fonunda xidmət balansının qorunması ilə əlaqələndirilir:

“Telekommunikasiya sektoru yüksək investisiya tələb edən sahədir. Şəbəkə avadanlıqlarının idxalı, enerji və logistika xərclərindəki artım provayderlərin ümumi xidmət xərclərinə birbaşa təsir göstərir. Eyni zamanda, istifadəçilərin daha çox video məzmun və bulud xidmətlərinə üstünlük verməsi nəticəsində trafik yükü artır, bu isə şəbəkə infrastrukturunun genişləndirilməsi və yeni texnologiyalara keçidi zəruri edir”.
Mütəxəssis əlavə edib ki, vətəndaşların büdcəsinə təsirin minimuma endirilməsi üçün kəskin qiymət artımları əvəzinə tariflərə mərhələli və daha kiçik dəyişikliklərlə baxılması variantı nəzərdən keçirilir:
“Bu yanaşma həm istifadəçilər üçün sabitliyi qorumağa, həm də hər meqabit üzrə dəyərin optimallaşdırılması ilə yüksək sürətli paketlərin əlçatanlığını artırmağa imkan verir. Belə balanslaşdırılmış tənzimləmə provayderlərə infrastrukturu yeniləmək üçün şərait yaradır ki, bu da ölkə üzrə median internet sürətinin və xidmət keyfiyyətinin mövcud standartlara uyğun saxlanmasına kömək edir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
