Heyvanlar arasında hər hansı epidemiya və ya yoluxucu xəstəlik qeydə alınmadığı halda onların kütləvi şəkildə öldürülməsi cəmiyyətdə ciddi narahatlıq doğuran və suallar yaradan məsələlərdən biridir. Xüsusilə kənd təsərrüfatı, baytarlıq nəzarəti və ekoloji tarazlıq fonunda belə qərarların hansı əsaslara söykəndiyi geniş müzakirə olunur.
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov “Paraqraf.com”a bildirib ki, heyvanlar arasında epidemiya və ya yoluxucu xəstəlik qeydə alınmadığı halda belə addımlar cəmiyyətdə haqlı suallar doğurur:

“Bu cür qərarlar yalnız baytarlıq tədbiri kimi deyil, eyni zamanda idarəetmə, risklərin qiymətləndirilməsi və institusional yanaşma baxımından da təhlil olunmalıdır. Beynəlxalq təcrübə göstərir ki, heyvanların kütləvi şəkildə məhv edilməsi bəzən faktiki epidemiya ilə deyil, potensial risklərin qabaqlanması ilə əlaqədar olur. Xüsusilə qonşu regionlarda quş qripi və ya Afrika donuz taunu kimi yüksək yoluxuculuğa malik xəstəliklərin yayılması ehtimalı olduqda, qabaqlayıcı tədbir kimi “profilaktik məhv etmə” mexanizmləri tətbiq oluna bilər. Bu yanaşma beynəlxalq baytarlıq və qida təhlükəsizliyi standartlarında müəyyən hallarda qəbul edilir.
Bununla yanaşı, diaqnostik qeyri-müəyyənlik, zəif monitorinq sistemləri və ya ilkin simptomların qeyri-dəqiq qiymətləndirilməsi də belə qərarlara gətirib çıxara bilər. Bu isə artıq təkcə baytarlıq məsələsi deyil, həm də idarəetmə keyfiyyəti və qərarvermə mexanizmlərinin effektivliyi ilə bağlıdır”.
Mütəxəssis həmçinin qida təhlükəsizliyi və sanitariya standartlarına da toxunub:
“Əgər heyvanların saxlanma şəraiti normativ tələblərə cavab vermirsə və bu, insan sağlamlığı üçün potensial risk yaradırsa, preventiv tədbirlər qaçılmaz olur. Lakin bu tədbirlər hər zaman son vasitə kimi tətbiq edilməlidir. Eyni zamanda, bəzi hallarda bazar tənzimlənməsi, istehsalın optimallaşdırılması və ya ekoloji balansın qorunması kimi amillər də bu qərarlara təsir göstərə bilər.
Bu isə məsələnin yalnız baytarlıq çərçivəsində deyil, daha geniş iqtisadi və institusional kontekstdə qiymətləndirilməsini zəruri edir. Beynəlxalq idarəetmə sistemləri prizmasından yanaşdıqda əsas prioritetlərin şəffaflıq, əsaslandırılmış qərarvermə və risklərin düzgün kommunikasiyası olduğu aydın görünür. Cəmiyyətə açıq və elmi əsaslara söykənən izahların verilməməsi ictimai etimadı zəiflədir və əlavə sosial gərginlik yaradır.
Epidemiya olmadığı halda heyvanların kütləvi məhv edilməsi yalnız ciddi risk qiymətləndirilməsinə əsaslanmalı, alternativ tədbirlər – vaksinasiya, izolyasiya və gücləndirilmiş nəzarət mexanizmləri əvvəlcədən nəzərdən keçirilməlidir. Əks halda, bu cür addımlar həm iqtisadi itkilərə, həm də ictimai narazılığın artmasına səbəb ola bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
