Təhsil sistemində müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi attestasiya və sertifikasiya imtahanları vasitəsilə həyata keçirilir. Bu proseslər eyni məqsədə xidmət etsə də, tətbiqi və nəticələri baxımından fərqlənir.
Bəs attestasiya və sertifikasiya imtahanları arasında əsas fərqlər nələrdir və bu proseslər müəllimlərin peşə fəaliyyətinə necə təsir göstərir?
Təhsil eksperti Elçin Süleymanov “Paraqraf.com”a açıqlamasında bildirib ki, son illərdə müəllimlərin keyfiyyətinin artırılması məqsədilə orta təhsil sistemində tətbiq olunan attestasiya və sertifikasiya prosesləri müsbət nəticələr verir:

“Attestasiya və sertifikasiya imtahanları fərqli anlayışlardır. Sertifikasiya imtahanında əsasən müəllimlərin bilik səviyyəsi test üsulu ilə ölçülür və nəticələr onların əmək haqqına təsir edir. Attestasiya zamanı isə müəllimin ümumi fəaliyyəti qiymətləndirilir və bu proses komissiya tərəfindən müşahidə əsasında həyata keçirilir. Müəllimlər komissiya qarşısında öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Qiymətləndirmənin nəticəsi onların vəzifədə qalmasına, vəzifə artımına və ya işdən azad olunmasına təsir göstərə bilər. Sertifikasiya imtahanı isə yazılı formada keçirilərək müəllimin peşə səviyyəsini müəyyənləşdirir”.
Qeyd edək ki, hər iki qiymətləndirmə mexanizmi müəllimlərin peşəkar inkişafına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
