Müasir həyatın sürətli ritmi insanların stress yaşamasına səbəb olur və bu hal həm fiziki, həm də psixoloji sağlamlığa təsir edə bilər. İş, təhsil və gündəlik məsuliyyətlər insanın daxili balansını pozur. Buna görə stresslə mübarizə üsullarını bilmək və tətbiq etmək olduqca vacibdir.
Psixoloq Dilbər Bəhmənli “Paraqraf.com”a bildirib ki, stress həm fizioloji, həm də psixoloji səviyyədə özünü göstərir:

“Fizioloji olaraq baş ağrıları, yuxu pozuntuları, ürək döyüntülərinin artması və digər narahatlıqlar müşahidə oluna bilər. Psixoloji baxımdan isə narahatlıq, əsəbilik, motivasiya itkisi, hətta depressiv əlamətlər yarana bilər. Məsələn, uzun müddət gərgin iş rejimində olan insanın yuxusuz qalması diqqət və yaddaş funksiyalarını zəiflədir.
Hərəkət zamanı beyində endorfin və serotonin ifraz olunur ki, bu maddələr əhvalı yaxşılaşdırır. Gündəlik 30 dəqiqə sürətli gəzinti belə stressi nəzərəçarpacaq dərəcədə azalda bilər. Dərin nəfəs alma isə parasimpatik sinir sistemini aktivləşdirərək bədəni sakitləşdirir. 4 saniyə nəfəs alıb, 4 saniyə saxlayıb, 6 saniyə vermək, bir neçə dəqiqə təkrarlamaq kifayət qədər təsirlidir”.
Onun sözlərinə görə, keyfiyyətli yuxu (7–9 saat) stress hormonlarını balanslaşdırır:
“Məsələn, gecə telefon istifadəsini azaltmaq melatonin hormonunun normal ifrazını dəstəkləyir. Planlaşdırma beyində ‘nəzarət hissi’ yaradır və bu da stressi azaldır. Günün işlərini əhəmiyyətinə görə bölmək həddindən artıq yüklənmənin qarşısını alır.
Problemləri paylaşmaq emosional yükü azaldır. Yaxın insanlarla ünsiyyət kortizol səviyyəsini aşağı sala bilər. Eyni vəziyyətə fərqli yanaşma da stress səviyyəsinə təsir edir. “Mən bunu bacarmayacam” fikri əvəzinə “Çətin olsa da öyrənə bilərəm” düşüncəsi daha rahatlaşdırıcıdır”.
Dilbər Bəhmənli stressdən uzaq qalmaq üçün bunları tövsiyə edir:
“Səhər 10–15 dəqiqə yüngül hərəkət və ya qısa gəzinti;
Gün ərzində hər 2–3 saatdan bir 5 dəqiqəlik fasilə;
Axşam ekran vaxtının azaldılması;
Yatmazdan əvvəl nəfəs və ya meditasiya məşqləri.
Əgər stress uzun müddət davam edirsə, gündəlik funksionallığı pozursa (yuxu, iş, münasibətlər) və davamlı narahatlıq yaradırsa, psixoloq və ya psixiatr dəstəyi almaq vacibdir. Erkən müdaxilə problemin dərinləşməsinin qarşısını alır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
