Müasir həyatın sürətli tempi və artan gündəlik öhdəliklər insanların getdikcə daha çox unutqanlıqla üzləşməsinə gətirib çıxarır. Xüsusilə “sabah edərəm” deyərək işləri təxirə salmaq vərdişi zamanla həm yaddaşa, həm də məhsuldarlığa mənfi təsir edir. Planlaşdırılmamış gün rejimi, diqqətin tez dağılması insanın şəxsi və peşəkar inkişafını ləngidir. Unutqanlıq bəzən sadə səbəblərdən qaynaqlansa da, uzun müddət davam etdikdə ciddi nəticələr yarada bilər.
Bəs unutqanlıqla mübarizə və təxirəsalma vərdişindən qurtulmaq üçün hansı üsullar daha təsirlidir?
Psixoloq Zəhra Quliyeva “Paraqraf.com”a bildirib ki, unutqanlıq və təxirəsalma bu gün insanların ən çox rastlaşdığı problemlərdəndir:

“Bu vərdişlər idarə oluna bilən və aradan qaldırıla biləcək hallardır. Son zamanlar bir çox insan iş həyatında, sosial münasibətlərdə və ailə içi kommunikasiyada eyni situasiyaları yaşayır. Həddindən artıq düşünmək, hər şeyi bir-biri ilə əlaqələndirmək, qorxular, narahatlıq, yuxusuzluq və tək qalmaq istəyi bu problemlərin əsasını təşkil edir. Yenidən başlamaq lazım olanda əvvəlki təcrübələrdən doğan tərəddüdlər ortaya çıxır. Bu da insanı həvəssizliyə, inamsızlığa və nəticədə təxirəsalmaya sürükləyir. Zaman keçdikcə isə bu davranış vərdişə çevrilir.
Lakin gündəlik həyatda tətbiq oluna biləcək sadə və praktik həll yolları mövcuddur. Məsələn, hər detalı yadda saxlamağa çalışmamaq həm beyin yükünü azaldır, həm də stresi aşağı salır”.
Psixoloq vurğulayıb ki, yuxusuzluq unutqanlığın ən ciddi səbəblərindən biridir:
“‘Sabah edərəm” yanaşması əvəzinə, “indi kiçik bir hissəsini görüm” düşüncəsi daha effektlidir. Uğursuzluqlar bizim üçün pis təcrübə deyil, yeni fürsət olmalıdır. Həyatda və işdə hər addım risklidir, lakin məsələni ertələməklə və ya stresslə deyil, kiçik addımlarla özünü yeniləməklə həll etmək mümkündür. Ən vacibi, bizə verilən həyatı istəklərimizi təxirə salmadan yaşamaqla dəyərləndirməkdir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
