“Bugünkü sərgidə iştirak edərkən bir daha aydın hiss olunur ki, Türkiyə universitetləri artıq sadəcə “xaricdə təhsil” anlayışı ilə məhdudlaşmır, bu istiqamət daha çox məqsədli və planlı seçimə çevrilib”.
Bunu “Paraqraf.com”a açıqlamasında Təhsil İşçilərinin Həmrəylik Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, universitetlər özlərini yalnız təqdim etmir, eyni zamanda tələbəyə hansı mühitdə inkişaf edəcəyini, hansı bacarıqları qazanacağını və gələcək karyerasına necə təsir edəcəyini konkret şəkildə izah edir:
“Nümayəndələrlə söhbətlər zamanı diqqətimi çəkən əsas məqam praktik biliklərin ön planda olması, tələbələrin sadəcə nəzəriyyə ilə yox, real təcrübə ilə yetişdirilməsinə verilən önəm idi.
Digər tərəfdən, beynəlxalq mühit və multikultural yanaşma da ciddi fərq yaradan amillərdəndir. Bu gün gənclər üçün yalnız diplom almaq kifayət etmir, eyni zamanda fərqli düşüncə tərzi, ünsiyyət bacarığı və çevik adaptasiya qabiliyyəti də vacibdir. Türkiyə universitetləri bu baxımdan region üçün kifayət qədər əlçatan və keyfiyyətli imkanlar təqdim edir”.
Ekspertin fikrincə, belə sərgilərin ən böyük üstünlüyü ondadır ki, abituriyentlər və valideynlər məlumatı vasitəçilərdən yox, birbaşa mənbədən əldə edirlər:
“Bu da seçim prosesində daha sağlam və düşünülmüş qərarların verilməsinə səbəb olur. Çünki bəzən gənclər seçim edərkən yalnız universitetin adı və ya yerləşdiyi şəhərə fokuslanırlar, amma əslində önəmli olan onların hansı mühitdə oxuyacağı, hansı imkanlara çıxış əldə edəcəyi və nə dərəcədə inkişaf edəcəyidir”.
O hesab edir ki, bu gün əsas məsələ gənclərin harada oxumasından daha çox, necə yetişməsidir:
“Əgər tələbə doğru mühitə düşür, öz üzərində işləyir və imkanlardan maksimum istifadə edirsə, istər Türkiyədə, istərsə də başqa bir ölkədə aldığı təhsil onun gələcəyinə ciddi təsir göstərir. Ona görə də bu cür platformalar gənclərin baxış bucağını genişləndirir və onları daha şüurlu seçim etməyə yönəldir”.
Həsən Məmmədov
Paraqraf.com
![]()
