Azərbaycanda “Müntəzəm və taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, həmçinin daxili və xarici tərtibatına dair tələblər”də dəyişiklik ediləcək.
Prezident İlham Əliyev 3 mart 2026-cı il tarixli “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklərin tətbiqi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti qanunun 15.5-ci maddəsinə uyğun olaraq, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələrinə dair yeni tələblərin müəyyən edilməsi üçün 3 ay ərzində müvafiq dəyişikliklər hazırlamalı və ölkə Prezidentinə məlumat verməlidir. Eyni zamanda, qanundan irəli gələn digər məsələlərin həlli də təmin olunmalıdır.
Bəs bu dəyişikliklər sürücülər və sərnişinlər üçün nə vəd edir?
Nəqliyyat eksperti Eldəniz Cəfərov “Paraqraf.com”a açıqlamasında bildirib ki, qanunvericilikdəki yeniliklərin əsas məqsədi sərnişin daşımalarının daha təhlükəsiz və keyfiyyətli təşkilidir:

“Bu dəyişiklik, həm də qəza zamanı xəsarət alan sərnişinlərə sığorta ödənişlərinin verilməsini təmin etmək baxımından vacibdir. Bu səbəbdən daşıyıcı şirkətlər üçün yeni tələblər müəyyən ediləcək və sərnişin daşıyan nəqliyyat vasitələrinin sığortalanması məcburi olacaq”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
