Sosial şəbəkələrdə yayılan bir müraciət ciddi müzakirələrə səbəb olub. 28 yaşlı bir şəxs bildirir ki, onun xəbəri və razılığı olmadan bir xanıma üzük taxılıb. Bu fakta etiraz etdikdə isə atası tərəfindən evdən qovulmaqla hədələndiyini deyir. Hadisə ailədaxili qərarların fərdi hüquqlarla toqquşduğu həssas bir məqamı yenidən gündəmə gətirir.
Məsələ ilə bağlı “Paraqraf.com”un sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə bilməz.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə əsasən nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu müddəanın cinayət qanunvericiliyinə əlavə edilməsinin əsas səbəbi ailə qanunvericiliyində nikah münasibətlərinin tənzimlənməsidir.
Qeyd edilib ki, Ailə Məcəlləsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Nikah bağlanarkən tərəflərin yazılı razılığı, tibbi müayinədən keçməsi və nikah yaşına çatması tələb olunur. Əgər tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti yoxdursa, belə nikah saxta hesab olunur və etibarsız sayılır.
Komitə bildirib ki, tərəflərdən birinin könüllü razılığı olmadan yəni məcburiyyət, aldatma və ya yanılma nəticəsində nikah bağlanarsa, hüquqları pozulmuş ər və ya arvad nikahın etibarsız sayılmasını tələb edə bilər.
Şəxsin sosial vəziyyətindən istifadə edilərək nikaha məcbur edilməsi cinayət əməlidir. Bu kimi hallarla bağlı sübutlar olduqda vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət edərək pozulmuş hüquqlarının bərpasını tələb edə bilərlər.
Bundan əlavə, nikaha məcbur edilən şəxsin buna etiraz etdiyi üçün valideynləri tərəfindən evdən qovulmaqla hədələnməsi psixi və iqtisadi zorakılıq hesab olunur. Bu səbəbdən belə hallarda aidiyyəti dövlət qurumlarına müraciət edilməsi tövsiyə olunur.
Vəkil Lalə Salmanova isə bildirir ki, ailə qanunvericiliyinə əsasən nikah kişi və qadının könüllü ittifaqıdır:

“Yəni nə kişi, nə də qadın nikaha daxil olmağa məcbur edilə bilməz. Azərbaycan Respublikasında nikah yaşı 18-dir və şəxsi erkən nikaha məcbur etmək cinayət məsuliyyəti yaradır. Yetkinlik yaşına çatdıqda belə, nikaha daxil olmağa məcbur edilə bilməz”.
O qeyd edib ki, hazırda boşanmaların artmasının əsas səbəblərindən biri ailələrin təzyiqi ilə baş tutan nikahlardır:
“Ailələrin övladlarının seçimlərinə müdaxilə etməsi və təzyiq göstərməsi onların çox vaxt qısa müddətli evlilik yaşamalarına səbəb olur. Ailə qanunvericiliyinə əsasən övladın qayğısına qalmaq valideynin həm hüququ, həm də vəzifəsidir. Lakin bu hüquqdan sui-istifadə övladın həyatına mənfi təsir göstərir və hüquqi məsuliyyət yarada bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
