Son illərdə Azərbaycanda özəl universitetlərin sayı artsa da, onların təhsil bazarındakı rolu və real təsir gücü hələ də geniş müzakirə olunur. Dövlət universitetləri uzun illər formalaşmış ənənə, daha əlçatan təhsil haqqı və geniş ixtisas seçimi ilə üstünlük qazansa da, özəl ali məktəblər daha müasir yanaşma, beynəlxalq əlaqələr və fərqli tədris metodları ilə diqqət çəkməyə çalışır. Bu rəqabətin ümumilikdə təhsil sisteminin keyfiyyətinə necə təsir etdiyi isə açıq sual olaraq qalır.
Bəs özəl universitetlər həqiqətən dövlət təhsilinə real alternativ və rəqibə çevrilə bilirmi?
Təhsil eksperti Vüsət Əzizov “Paraqraf.com”a açıqlamasında bildirib ki, bu məsələ birmənalı qiymətləndirilə bilməz:

“Bu, həm struktur, həm də cəmiyyətin gözləntiləri ilə bağlı kompleks məsələdir. Reallıq ondan ibarətdir ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti kimi iri dövlət ali məktəbləri illər ərzində formalaşmış akademik baza, güclü müəllim heyəti və sosial etibar baxımından hələ də üstün mövqedədir. Onların əsas üstünlükləri aşağı təhsil haqqı, geniş ixtisas seçimi, dövlət sifarişli yerlərin çoxluğu və cəmiyyət tərəfindən daha ‘təhlükəsiz seçim’ kimi qəbul olunmasıdır. Son 20 ilin təcrübəsi də göstərir ki, bəzi özəl ali məktəblərin fəaliyyətini dayandırması bu sektora inamı müəyyən qədər zəiflədib”.
Ekspert qeyd edib ki, qəbul prosesi və hüquqi mexanizmlər də bu sahədə mühüm rol oynayır:
“Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqə ilə ali məktəblərə qəbul olunan şəxslər, hətta təhsil aldıqları özəl universitet fəaliyyətini dayandırsa belə, digər ali təhsil müəssisələrinə köçürülərək təhsillərini davam etdirə bilirlər və nəticədə Elm və Təhsil Nazirliyi tərəfindən tanınan diplom alırlar. Bu amil müəyyən təhlükəsizlik yaratsa da, özəl universitetlərin rəqabət imkanlarını qismən məhdudlaşdırır”.
Bununla yanaşı, Vüsət Əzizov vurğulayıb ki, özəl ali məktəblər arasında fərqlər kifayət qədər böyükdür:
“Bəzi özəl universitetlər artıq fərqli model təqdim edir. Onlar tədrisi ingilis dilində təşkil edir, beynəlxalq proqramlara inteqrasiya olunur, xarici universitetlərlə əməkdaşlıq qurur və daha praktik, interaktiv metodlardan istifadə edirlər. Bu yanaşma xüsusilə əmək bazarına daha tez uyğunlaşmaq istəyən tələbələr üçün cəlbedicidir. Lakin etiraf etmək lazımdır ki, özəl universitetlərin hamısı eyni keyfiyyətdə deyil. Bəzilərində hələ də ‘diplom üçün təhsil’ yanaşması qalmaqdadır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
