Torpaq xalqın tarixi yaddaşı, milli kimliyi və gələcək nəsillərə ötürülən müqəddəs mirasıdır. Əcdadlarımız əsrlər boyu bu torpaqları qorumaq, yaşatmaq və inkişaf etdirmək uğrunda böyük fədakarlıqlar göstərmişlər. Onlar yaxşı bilirdilər ki, torpaq yalnız onu sevən, becərən və müdafiə edən xalq üçün Vətənə çevrilir.
Lakin tarix göstərir ki, Azərbaycan xalqı dəfələrlə yadelli qüvvələrin hücumlarına məruz qalmış, torpaqları müxtəlif siyasi oyunların qurbanına çevrilmişdir. Xüsusilə son iki əsrdə erməni millətçilərinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində xalqımıza qarşı ardıcıl deportasiya, etnik təmizləmə və soyqırımı aktları törədilmişdir. Xarici havadarların dəstəyi ilə “böyük Ermənistan” ideyasını reallaşdırmağa çalışan qüvvələr azərbaycanlıları öz tarixi yurdlarından sıxışdırıb çıxarmağa, bu ərazilərdə monoetnik mühit yaratmağa cəhd etmişlər. Bu siyasət müxtəlif dövrlərdə qanlı qırğınlar, zorakı köçürmələr və genişmiqyaslı hərbi təcavüzlə müşayiət olunmuşdur.
Bu faciələrin ən dəhşətlilərindən biri 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımıdır. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilmişdir. Mart hadisələri zamanı bir çox qədim binalar, o cümlədən ziyarətgahlar və dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası dağıdılmışdır. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın atəşi nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ciddi zədələnmişdir. Dinc sakinlər amansızlıqla qətlə yetirilmiş, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, mədəniyyət abidələri və qəbiristanlıqlar dağıdılmışdır.
Sonrakı dövrlərdə bu zorakılıqlar daha da genişlənmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar və etnik təmizləmələr davam etmişdir. Xüsusilə Şamaxı və Quba bölgələrində baş verən hadisələr miqyasına və qəddarlığına görə seçilir. Tarixi mənbələrə əsasən, Şamaxı qəzasında onlarla kənd dağıdılmış, minlərlə dinc sakin qətlə yetirilmişdir. Quba qəzasında isə yüzlərlə yaşayış məntəqəsi məhv edilmiş, minlərlə insan həyatını itirmişdir. Bu hadisələr mülki əhaliyə qarşı yönəlmiş sistemli və genişmiqyaslı cinayətlərin bariz nümunəsidir.
2007-ci ilin aprel ayında Quba şəhərində aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıq bu faciələrin real sübutlarından biridir. Məzarlıqdan tapılan insan qalıqları üzərində aparılan ekspertiza nəticəsində onların 1918-ci il qırğınlarının qurbanları olduğu müəyyən edilmişdir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və qurbanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində Soyqırımı memorial kompleksi yaradılmış və 2013-cü ildə istifadəyə verilmişdir.
Azərbaycan dövlətinin bu faciələrə verdiyi siyasi-hüquqi qiymət xüsusi əhəmiyyət daşıyır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə azərbaycanlıların soyqırımı faktına ilk dəfə dövlət səviyyəsində rəsmi qiymət verilmişdir. Bu sənəd tarixi həqiqətlərin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım olmuşdur.
Bu gün 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ölkəmizdə hər il qeyd olunur, qurbanların əziz xatirəsi dərin ehtiramla yad edilir. Bu tarix yalnız keçmişin acı xatirəsi deyil, həm də milli yaddaşın qorunması, gələcək nəsillərin tarixdən dərs çıxarması üçün mühüm bir çağırışdır.
Samirə Hüseynova
Paraqraf.com
![]()
