Son illərdə əhalinin gündəlik xərclərini qarşılamaq üçün kreditlərə üz tutması adi hala çevrilib. Bir vaxtlar əsasən iri alışlar üçün istifadə olunan borclanma mexanizmi artıq ərzaqdan tutmuş kommunal xərclərə qədər həyatın bütün sahələrinə yayılıb. Banklar və kredit təşkilatları daha əlçatan şərtlər təqdim etdikcə, insanlar da getdikcə daha çox borc yükü altına düşür. Bu vəziyyət isə cəmiyyətin maliyyə dayanıqlığı ilə bağlı ciddi narahatlıqlar yaradır.
Bəs artan faizlər, aşağı gəlirlər və bahalaşma fonunda kredit asılılığına sürüklənən cəmiyyət bu vəziyyətdən necə çıxış yolu tapa bilər?
İqtisadçı-ekspert Asif İbrahimov “Paraqraf.com”-a bildirib ki, son illərdə əhalinin gündəlik xərclərini qarşılamaq üçün kreditlərə üz tutması artıq sistemli xarakter almaqdadır:

“Əvvəllər əsasən mənzil, avtomobil və ya məişət texnikası kimi iri alışlar üçün istifadə olunan kreditlər bu gün ərzaq, kommunal xidmətlər və digər cari tələbatların ödənilməsi üçün əsas maliyyə mənbəyinə çevrilib. Vətəndaş gündəlik xərclərini qarşılamaqda çətinlik çəkdiyi zaman maaşa qədər olan boşluğu kreditlə doldurmağa çalışır. Bu isə cəmiyyətin maliyyə dayanıqlığı baxımından ciddi siqnaldır.
Mövcud vəziyyət bir neçə fundamental amilin təsiri ilə formalaşıb. İlk növbədə, gəlirlərin artım tempi inflyasiyaya məğlub olur. Bu da real alıcılıq qabiliyyətinin zəifləməsinə gətirib çıxarır”.
Ekspert əlavə edib ki, xüsusilə ərzaq və xidmət sektorunda qiymət artımı ailə büdcələrinə ciddi təzyiq göstərir:
“Məsələn, hesablamalara görə Azərbaycanda orta statistik vətəndaş ən yaxşı halda aylıq qazancının 47-52 faizini qidaya və komunal xidmətlərin ödənilməsinsə sərf edir. Bu da sosial rifahın ölçülməsi dünyada istifadə olunan “Engel” Qanununun meyarları ilə götürdukdə sosial ədalətsizlikdir. Bu faktorlardan əziyyət çəkən vətəndaşlar yaranan maliyyə boşluğunu kredit vasitəsilə kompensasiya etməyə çalışırlar”.
O qeyd edib ki, bank sektorunda kreditlərin daha əlçatan olması, rəqəmsal kredit alətlərinin genişlənməsi və sürətli təsdiq mexanizmləri borclanmanı asanlaşdırır:
“Lakin bir çox hallarda vətəndaşlar kreditin real dəyərini, xüsusilə illik effektiv faiz dərəcəsini (APR) düzgün qiymətləndirmir. Bu isə uzunmüddətli borc yükünün gözləniləndən daha ağır olmasına səbəb olur. Mövcud dinamika davam edərsə, borc tələsi riski artır. Belə hallarda insanlar köhnə borcları yeni kreditlərlə bağlamağa məcbur qalır, yığım imkanları zəifləyir və maliyyə dayanıqlığı ciddi şəkildə sarsılır. Bu proses artıq yalnız fərdi deyil, həm də makroiqtisadi sabitlik üçün potensial təhdidə çevrilir”.
Ekspertin fikrincə, mövcud vəziyyətdən çıxış yolu kompleks yanaşma tələb edir:
“İlk növbədə, real gəlirlərin artırılması və əməkhaqqının inflyasiyaya uyğun indeksasiyası təmin olunmalıdır. Paralel olaraq, kredit bazarında məsuliyyətli borclanma prinsipləri gücləndirilməli, faiz siyasəti və risk idarəetməsi mexanizmləri daha effektiv tənzimlənməlidir. Maliyyə savadlılığının artırılması isə uzunmüddətli perspektivdə ən vacib istiqamətlərdən biri hesab olunur.
Bununla yanaşı, sosial həssas təbəqələr üçün ünvanlı dəstək proqramlarının genişləndirilməsi kredit asılılığının azaldılmasında mühüm rol oynaya bilər. Əks halda, kreditlər iqtisadi inkişaf aləti olmaqdan çıxaraq sosial yükə çevrilməkdə davam edəcək.
Hazırkı vəziyyət göstərir ki, cəmiyyət tədricən kreditlə yaşamaq modelinə keçir. Bu model isə davamlı deyil və uzunmüddətli dövrdə həm fərdi rifah, həm də iqtisadi sabitlik üçün risklər yaradır. Problemin həlli yalnız sistemli islahatlar, məsuliyyətli maliyyə davranışı və balanslaşdırılmış iqtisadi siyasət nəticəsində mümkün ola bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
