Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanov sosial şəbəkə hesabında Səməd Vurğunun doğum günü münasibətilə geniş paylaşım edib.
Paylaşımda qeyd olunur ki, martın 21-i Azərbaycanın ilk Xalq Şairi Səməd Vurğunun doğum günüdür. Müəllif şairin yaradıcılığını yüksək qiymətləndirərək, onun əsərlərinin sadəliyi, səmimiyyəti və xalq ruhuna yaxınlığı ilə seçildiyini vurğulayıb.
Misir Mərdanov bildirib ki, Səməd Vurğunun vəfatından uzun illər keçməsinə baxmayaraq, onun şeirləri bu gün də sevilə-sevilə oxunur və yaddaşlarda yaşayır.
Paylaşımda böyük şairin əsərlərindən aşağıdakı misralar da yer alıb:
Yüz il biz ayrıldıq ana dilindən,
Məktəbin adına dedik “uşkola”
Oxucum! bir daha nəzər yetir sən,
Keçdiyin o qanlı, o qorxunc yola.
Yüz il Füzuliyə həsr olunmuş qalaraq,
Doğma anamıza “mama” deyək.
Yüz illik yuxuya birdən dalaraq,
Yatdıq gözümüzdən yaş dama-dama.
Yüz il nəfəsini çəkə bilmədi,
Şairlər oylağı böyük bir ölkə,
Yüz il öz qolunu çəkə bilmədi…
Tarix! Səninkidir bu qara ləkə!
Paylaşımın sonunda Misir Mərdanov izləyicilərini Novruz bayramı münasibətilə təbrik edərək onlara can sağlığı, əmin-amanlıq və yeni uğurlar arzulayıb.
Qeyd edək ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri hesab olunur və onun yaradıcılığı bu gün də aktuallığını qoruyur.
Həsən
Paraqraf.com
![]()
