Robert Kocharyanın rəhbərlik etdiyi “Ermənistan” blokunun qarşıdan gələn parlament seçkilərində fəallaşması regionda siyasi proseslərə marağı artırıb. Blokun müxtəlif partiyaları birləşdirərək vahid namizədlə çıxış etməsi ölkədaxili siyasi rəqabətin gücləndiyini göstərir. Eyni zamanda, bu cür ittifaqların tərkibi və ideoloji yönümü cəmiyyət tərəfindən diqqətlə izlənilir və geniş müzakirə olunur.
“Ermənistan” blokunun seçkilərdə mümkün uğuru ölkənin daxili və xarici siyasətinə necə təsir göstərə bilər?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova “Paraqraf.com”a açıqlamasında bildirib ki, beynəlxalq münasibətlər sistemi yenidən formalaşdığı bir dövrdə Cənubi Qafqaz kimi mürəkkəb və strateji əhəmiyyətə malik region diqqətdən kənarda qala bilməz:

“Bu istiqamətdə təsir imkanlarını artırmaq üçün müxtəlif addımlar atılır, dövlətlərin daxili və xarici siyasətlərinə müdaxilələr edilir.
Hətta İranda baş verən proseslər də göstərir ki, bəzi hallarda legitim fiqurların belə aradan götürülməsindən çəkinilmir. Cənubi Qafqaza təsir baxımından əlverişli məqamlardan biri də Ermənistanda keçiriləcək seçkilərdir. Bu seçkilər vasitəsilə müxtəlif güclər özlərinə uyğun namizədləri önə çıxarmağa və dəstəkləməyə çalışırlar”.
Politoloq qeyd edib ki, Robert Kocharyanın açıqlamaları əsasən Ermənistan cəmiyyətinə təsir göstərmək və elektorat bazasını genişləndirmək məqsədi daşıyır:
“O, sosial-iqtisadi vəziyyəti yaxşılaşdıracağına dair vədlər verir, yeni iş yerlərinin açılacağını bildirir. Eyni zamanda təhlükəsizlik məsələsinin prioritet olduğunu vurğulayaraq bu istiqamətdə ciddi addımlar atacağını qeyd edir.
Lakin Ermənistanın qəbul etdiyi qərarlar təkcə ölkənin gələcəyini deyil, bütövlükdə regionun ümumi vəziyyətini də müəyyən edir. Bu səbəbdən rəsmi İrəvan son dərəcə ehtiyatlı davranmalıdır. Təhlükəsizlik bütün region üçün həyati əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, Robert Kocharyan Ermənistan cəmiyyətinin Qarabağ məsələsi ilə bağlı formalaşmış mövqeyini yaxşı anlayır:
“Cəmiyyət bu istiqamətdə nə yenidən silahlı qarşıdurma istəyir, nə də kəskin addımların tərəfdarıdır. Bu səbəbdən o, Qarabağ və Azərbaycan mövzusunda açıq revanşist ritorikadan çəkinir və elektoratını itirməməyə çalışır.
Bununla belə, Robert Kocharyanın siyasi keçmişi və ambisiyaları hər kəsə məlumdur. Bu baxımdan, onun səsləndirdiyi fikirləri tam səmimi hesab etmək çətindir.
O, həmçinin etibarlı müttəfiqdən danışır və burada hansı aktorun nəzərdə tutulduğu aydındır. Robert Kocharyanın siyasi fəaliyyəti bunu açıq şəkildə göstərir. Bu səbəbdən Azərbaycan prosesləri diqqətlə izləməli, bölgədə mümkün eskalasiyanın qarşısını almaq üçün preventiv addımlar atmalıdır”.
Ş.Həsənova hesab edir ki, Robert Kocharyan kimi siyasi fiqurun yenidən hakimiyyətə gəlməsi sülh quruculuğu prosesinə ciddi zərbə vura bilər:
“Belə qüvvələrin yenidən hakimiyyətə qayıtması Ermənistanın həm daxili, həm də xarici siyasətində gərginlik və qeyri-sabitlik yarada bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
