“Baş verən hadisələrə görə Həcc ziyarətinin təxirə salınması gözlənilmir”.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, həcc ziyarətinin tarixi sabit olur, dəyişmir: “Gündəmdə müharibə ilə bağlı heç nə yoxdur, proses normal formada davam edir. Müharibə qeydiyyat prosesinə də təsir etməyib. Həcc ziyarətindən imtina edənlər qeydə alınmayıb, əksinə hər gün müraciət edənlər olur”.
Vüsal Cahangiri onu da bildirib ki, artıq kvotanın 85 faizdən çoxu tamamlanıb: “İlk uçuş 17 may tarixində olacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq”.

İlahiyyatçı Elşad Miri “Paraqraf.com”a bildirib ki, bu gün azərbaycanlı hər hansısa bir tələbə pullu oxuyursa, ortalama qiyməti 2000 manatdır:
“Yəni 12 min manatla sizin gedib 20 gündə qalacağınız bir məsələni gətirib burada 6 tələbənin illik təhsil haqqısını ödəyə bilərsiniz. Həccə gedən hər insan imkanlı deyil. Hər bir insanda Həccə getmək fikri formalaşır. Peyğəmbərə istinad edilən hədislərdə belə bir ifadə var: “İslam 5 şey üzərinə bina edilib”. Onlardan birincisi “Kəlmeyi-şəhadət”, namaz qılmaq, oruc tutmaq, zəkat vermək və həccə getməkdir. Belə bir hədis uydurublar ki, həccə gedib düzgün həcc əməllərini yerinə yetirən insanların günahları bağışlanır. Ona görə də imkanlı şəxslər ora getməyə çalışırlar”.
O qeyd edib ki, həcc və qiymət məsələsi Qafqaz Müsəlmanlar İdarəsinin monopoliyasındadır:
“Bununla bağlı hesabat verilmir. Kəbə ətrafında fırlanmaq, qaçmaq gülünc məsələdir. İnsanlar tələsik və kütləvi şəkildə gedir. Quranda 22-ci surə – “Həcc” surəsi var. 26-cı ayəsində deyilir ki, bir zaman biz İbrahimə evin yerini nişan verib, məni heç bir işə şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar üçün təmizlə”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
