Tehrandan gələn son açıqlamalar İran siyasi sistemində uzun illərdir müzakirə olunan, lakin hər dəfə yenidən aktuallaşan mühüm bir sualı gündəmə gətirib: İranı faktiki olaraq kim idarə edir?
Bir tərəfdən İran prezidenti Məsud Pezeşkian qonşu ölkələrə müraciət edərək bildirib ki, İran silahlı qüvvələri region dövlətlərinə bundan sonra hücum etməyəcək və yalnız İran ərazisinə qarşı hücum olacağı halda cavab veriləcək.
Digər tərəfdən isə İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei tam fərqli mövqe səsləndirib. O bildirib ki, regionda “düşmənin istifadəsinə verilmiş ərazilərə” qarşı hücumlar davam edəcək və bu strategiya artıq icra olunur.
Politoloq Züriyyə Qarayeva “Paraqraf.com”a bildirib ki, Tehrandan gələn bu açıqlamalar İranın siyasi sistemində mövcud olan ikili hakimiyyət modelini yenidən gündəmə gətirir:

“Formal olaraq ölkənin icra hakimiyyətinin başçısı prezident olsa da, İran İslam Respublikasında əsas strateji qərarlar Ali dini liderə bağlı təhlükəsizlik strukturları və xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən formalaşdırılır. Prezident Məsud Pezeşkianın region ölkələrinə yönəlmiş daha yumşaq və diplomatik mesajları əsasən siyasi və beynəlxalq auditoriyaya hesablanmış mövqe kimi görünür. Bu cür açıqlamalar İranın gərginliyi azaltmaq və region dövlətləri ilə açıq qarşıdurmadan yayınmaq istədiyi görüntüsünü yaratmağa xidmət edir.
Buna qarşılıq məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni-Ejeinin sərt bəyanatı isə İranın real güc mərkəzlərinin təhlükəsizlik strategiyasını əks etdirir. İran siyasi sistemində SEPAH təkcə hərbi qurum deyil, həm də regional siyasətin icrasında əsas alətlərdən biridir və onun qərarları çox vaxt seçilmiş institutların mövqeyindən daha təsirli olur. Buna görə də Pezeşkianın açıqlamaları diplomatik xətti ifadə etsə də, bölgədə hərbi-siyasi qərarların istiqamətini müəyyən edən əsas aktorların SEPAH və Ali liderə bağlı strukturlar olduğu aydın görünür. Bu ziddiyyət İranın siyasi sistemində seçilmiş hakimiyyətlə təhlükəsizlik aparatı arasındakı tarazlığın necə qurulduğunu bir daha göstərir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
