Hüquqşünas və yazıçı Müşfiq Abbasov sosial şəbəkə hesabında inzibati həbsdən azadlığa buraxılması ilə bağlı paylaşım edib.
O bildirib ki, 15 günlük inzibati həbs müddəti başa çatdıqdan sonra artıq azadlıqdadır və səhhəti də qaydasındadır. Saxlanıldığı müddətdə ona görə narahat olan hər kəsə təşəkkür edir.
Hüquqşünas vurğulayıb ki, özünü hər hansı inzibati hüquq pozuntusunda təqsirli hesab etmir və sosial şəbəkədə etdiyi paylaşımlarda qanunu pozmadığını düşünür.
Onun sözlərinə görə, əgər hər hansı statusunun dövlət maraqlarına zidd olduğu bildirilsəydi, həmin paylaşımı silməyə hazır idi:
“Əgər kimsə mənim hansısa statusumu hesab edibsə ki, dövlət maraqlarına ziddir, mənə deyilsəydi, həmin statusu silərdim. Çünki mən daim dövlətimin yanında olmuşam. Bunun üçün inzibati həbsə ehtiyac yox idi”.
Müşfiq Abbasov paylaşımında 15 günlük həbs müddətini məşhur sərkərdə Əmir Teymurun sözləri ilə müqayisə edib. O qeyd edib ki, bu müddəti həyatında bir sınaq kimi qəbul edir:
“Əmir Teymurun belə bir sözü var: insandan çıxan çirkli qan bəzən onun şüurunu daha da aydınlaşdırır. Bu 15 günü çirkli qan kimi qəbul edirəm və hesab edirəm ki, bu günlər mənim bəsirətimi bir az da açdı”.
Abbasov sonda bildirib ki, dövlətini və millətini sevir və həyatını Azərbaycanın inkişafına həsr etməyə hazırdır.
Həsən
Paraqraf.com
![]()
