Qərbi Azərbaycan İcmasında Göyçə mahalının tarixinə həsr olunmuş növbəti mühüm tədbir keçirilib. Tədbirdə tədqiqatçı Əlisəfa Şəbəndəyevin müəllifi olduğu “Göyçə mahalının Pəmbək kəndi: Tarixi, coğrafiyası və əhalisi” adlı kitabın təqdimatı baş tutub.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu cür elmi-tarixi nəşrlərin Qərbi Azərbaycanın qədim yaşayış məskənlərinin tarixinin araşdırılması və yaddaşın qorunması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Qərbi Azərbaycanla bağlı faktların toplanması, kəndlərin tarixi və mədəni irsinin sistemli şəkildə araşdırılması milli yaddaşın qorunmasına xidmət edir.
Sonra çıxış edən Qərbi Azərbaycan İcması Basarkeçər rayon İcmasının sədri, tibb elmləri doktoru, professor Nuru Bayramov kitabın Göyçə mahalının tarixinin öyrənilməsi baxımından əhəmiyyətli mənbə olduğunu vurğulayıb. Qeyd olunub ki, əsərdə Pəmbək kəndinin tarixi keçmişi, sosial həyatı və bölgənin etnoqrafik xüsusiyyətləri ətraflı şəkildə təqdim olunur.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Sətənəxaç kənd İcmasının sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Lütfiyar Nəsibov kitabın yalnız bir kəndin tarixini deyil, bütövlükdə Göyçə mahalının sosial və mədəni həyatını əks etdirən qiymətli tədqiqat işi olduğunu bildirib.
Digər çıxışçılar – Dövlət Gömrük Komitəsinin Arxiv İdarəsinin əməkdaşı Asif Namazov, Basarkeçər rayonu Babacan kənd İcmasının sədri Mübariz Quliyev, Basarkeçər rayonu Daşkənd kənd İcmasının sədri Fəzair Piriyev, Bakı Dövlət Universitetinin müəllimi Şirxan Hümbətov, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü və Hüseynquluağalı kənd İcmasının sədri Şirazi İbrahimov və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, alim, şair-filosof Loğman Əjdərov da çıxış edərək kitabın əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu kimi tədqiqat əsərləri Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və demoqrafik mənzərəsinin öyrənilməsi baxımından mühüm mənbə rolunu oynayır.
Çıxış edənlər qeyd ediblər ki, əsərdə Pəmbək kəndinin coğrafiyası, əhalisinin məşğuliyyəti, adət-ənənələri, toponimləri və kənddə yaşamış ailələrin tarixi haqqında geniş məlumatlar yer alır. Bu baxımdan kitab həm elmi araşdırma, həm də yaddaş kitabı kimi xüsusi dəyərə malikdir.
Sonda çıxış edən kitabın müəllifi, Basarkeçər rayonu Pəmbək kənd İcmasının sədri Əlisəfa Şəbəndəyev kitabın ərsəyə gəlməsi prosesindən danışıb. Müəllif bildirib ki, əsər hazırlanarkən müxtəlif arxiv materiallarından, yazılı mənbələrdən və kənd sakinlərinin xatirələrindən istifadə olunub. Onun sözlərinə görə, əsas məqsəd Pəmbək kəndinin tarixini və burada yaşamış insanların həyat yolunu gələcək nəsillərə çatdırmaqdır.
Qeyd edək ki, 448 səhifədən ibarət olan “Göyçə mahalının Pəmbək kəndi: Tarixi, coğrafiyası və əhalisi” adlı kitab “ÇapArt” nəşriyyatında çap olunub və Göyçə mahalının tarixinin araşdırılması istiqamətində mühüm elmi mənbələrdən biri hesab olunur.
![]()
