İrandan Naxçıvana dron hücumları olub.
Mülki təyinatlı obyektlər heç bir əsas olmadan hədəf alınıb.
Bu əməllər molla rejiminin riyakarlığını, nankorluğunu bir daha göstərir. ABŞ və İsrailin son hücumları ərəfəsində Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir halda istifadə edilməyəcəyini bəyan etsə də, öz xoş niyyətini və neytrallığını sübut etsə də, qarşı tərəfin ölkəmizə göstərdiyi bu nankor və riyakar münasibət molla rejiminin simasını yenidən göz önünə sərir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Paraqraf.com”a bildirib ki, İran tərəfinin belə bir addım atması İranın nankorluğunun və riyakarlığının göstəricisidir:

“Azərbaycan hər zaman İranla münasibətlərinin qorunmasına xüsusi önəm verib. Azərbaycan hər zaman dostluğa və qardaşlığa sadiq olub. Son günlər cənab Prezidentin İran Prezidentinə başsağlığı verməsi və İran səfirliyinə getməsi bunu bir daha təsdiq edir ki, bütün risklərə baxmayaraq Azərbaycan öz mövqeyini ortaya qoydu. İran tərəfi isə bunların heç birini nəzərə almayaraq, Azərbaycana qarşı təxribat törətdi. Azərbaycan dəfələrlə deyib ki, onun ərazisindən heç vaxt İrana qarşı istifadə olunmayıb və olunmayacaq da. Prezidentin ali dini liderin ölümü ilə bağlı başsağlığı verməsi, səfiri ziyarət etməsi və İrana humanitar yardım etməyi planlaşdırması da Azərbaycanın bu məsələdə nə qədər həssas bir mövqedə olduğunu göstərir”.
Deputat qeyd edib ki, Azərbaycan İrandan fərqli olaraq heç vaxt riyakar siyasət həyata keçirməyib:
“Həmişə qonşulara dəstək olub və onların yanında olub. Belə bir vəziyyətdə İran tərəfinin Naxçıvan Beynəlxalq Hava Limanını vurması və dinc sakinləri hədəfə alması terror kimi qiymətləndirilməlidir. Bu, acizliyin və qorxaqlığın nümunəsidir. Azərbaycan həmişə prinsipial mövqedə olub. Azərbaycana hücum edənlər həmişə peşman olurlar. İran da bu qorxaq əməlinə görə peşman olacaq. İran Azərbaycanın etdiyi yaxşılıqları anlamadı”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
