Region məktəbləri ilə paytaxt məktəbləri arasında müəyyən fərqlər müşahidə olunur. Paytaxt məktəbləri daha müasir standartlara cavab verir. Həm müəllim heyəti, həm də sosial mühit baxımından fərqlər özünü göstərir. Xüsusilə region məktəblərində texnologiya sahəsində çatışmazlıqlar diqqət çəkir.
Təhsil eksperti Vüsət Əzizov “Paraqraf.com”a açıqlamasında bildirib ki, bu fərqləri bir neçə əsas istiqamət üzrə qiymətləndirmək mümkündür. Onun sözlərinə görə, ilk növbədə maddi-texniki baza amili önə çıxır:

“Paytaxt məktəbləri daha müasir avadanlıqlarla təmin olunur. Kompüter otaqları, interaktiv lövhələr, laboratoriyalar və internetə çıxış imkanları daha genişdir. Region məktəblərində isə köhnə avadanlıqlar və infrastruktur problemləri mövcuddur.
Digər mühüm məsələ müəllim heyətidir. Paytaxtda ixtisaslı və təcrübəli müəllimlərin sayı daha çoxdur. Regionlarda bəzi fənlər üzrə müəllim çatışmazlığı var və gənc mütəxəssislərin bölgələrdə uzunmüddətli fəaliyyəti çətinləşir”.
Ekspert əlavə edib ki, paytaxt məktəblərində şagirdlər üçün əlavə kurslar, layihələr, olimpiadalara hazırlıq və müxtəlif dərnəklər daha əlçatandır:
“Region məktəblərində bu imkanlar daha məhdud ola bilər. Sosial mühit və valideynlərin maddi imkanları da nəticələrə təsir edir. Paytaxt məktəbləri ali təhsil müəssisələrinə hazırlıq baxımından daha geniş resurslara malikdir.
Bununla yanaşı, son illərdə region məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində addımlar atılır. Məqsəd mövcud fərqi minimuma endirməkdir”.
Vüsət Əzizov vurğulayıb ki, fərqlərin azaldılması üçün sistemli tədbirlər görülməlidir:
“Region məktəbləri müasir avadanlıqlarla təmin olunmalı, sürətli internet və rəqəmsal platformalara çıxış genişləndirilməlidir. Köhnə məktəb binaları təmir edilməli, yeniləri inşa olunmalıdır.
Eyni zamanda müəllimlərin bölgələrə cəlbi üçün əlavə maaş, güzəşt və sosial təminatlar tətbiq edilməli, gənc müəllimlər üçün motivasiya proqramları hazırlanmalıdır. Mənzil məsələsinin həlli üçün ipoteka və kirayə dəstəyi mexanizmləri nəzərdən keçirilə bilər.
Rəqəmsal təhsilin inkişafı, onlayn dərslər və vahid platformalar vasitəsilə region şagirdlərinə daha geniş resursların təqdim edilməsi də vacibdir. Regionlarda olimpiada mərkəzləri, hazırlıq kursları və karyera yönümlü proqramlar genişləndirilməlidir. Bu addımlar ardıcıl şəkildə həyata keçirilərsə, region və paytaxt məktəbləri arasındakı fərq əhəmiyyətli dərəcədə azala bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
