Azərbaycanda bütün təhsil sənədlərinin elektron formatda təqdim olunacağı tarix açıqlanıb.
Nazirlər Kabinetinin qərarına əsasən, bundan sonra attestatlar, diplomlar və sertifikatlar yalnız elektron formada veriləcək, kağız daşıyıcılar isə təqdim edilməyəcək. Bu barədə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə məlumat verib.
Təhsil eksperti Etibar Əliyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, hər bir insanın şəxsi arxivi mövcuddur və kağız sənədlərin həm nostalji, həm də mənəvi əhəmiyyəti var:

“Kağız sənədlər gələcək nəsillər üçün də bir xatirədir. Bu gün təhsil sisteminə rəhbərlik edən şəxslər sistemdən kənardan gələn insanlardır və sənədlərin mahiyyəti ilə dəyərini tam anlamaya bilərlər. Sorğu aparılsa, əksəriyyətin sənədlərin kağız formatda verilməsinin tərəfdarı olduğu üzə çıxar. Elektron sənədlər isə işə qəbul zamanı aidiyyəti qurumlara təqdim oluna bilər”.
Ekspert vurğulayıb ki, təhsil qısa müddətdə əldə olunan dəyər deyil və insan həyatının mühüm mərhələsi ilə bağlıdır:
“Universitet illəri insanların həyatında xüsusi yer tutur. Bu qərarı düzgün hesab etmirəm. Bu, absurd qərardır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
