Azərbaycanda aqrar sektor, xüsusilə heyvandarlıq sahəsi son illərdə ciddi azalma ilə üzləşib. 2025-ci ilin oktyabrına olan rəsmi statistikaya əsasən ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 438 min 800 baş, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 763 min 700 baş təşkil edib. Bu, ötən illə müqayisədə müvafiq olaraq təxminən 2 faiz və 3,5 faiz azalma deməkdir. Son beş ildə isə qoyun və keçilərin sayı 1,3 milyon baş, iribuynuzlu mal-qara 200 mindən çox azalıb. Paralel olaraq ət və süd məhsullarının idxalında kəskin artım qeydə alınıb ki, bu da ölkənin ərzaq təhlükəsizliyi baxımından narahatlıq yaradır.
Mövzuyla bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Paraqraf.com”-a açıqlamasında bildirib ki, aqrar sektorda geriləmənin əsas səbəbləri sistemli və struktur xarakter daşıyır:

“Birinci problem örüş sahələrinin məhdudlaşmasıdır. Xüsusilə uzunmüddətli istifadədə olan torpaqların məhsuldarlıq potensialı zəifləyib, lakin onların alternativ təyinatı ilə bağlı vahid proqram yoxdur. Digər mühüm məsələ yem bazasının daralmasıdır. Birillik otların və yonca əkin sahələrinin azalması heyvandarlıq üçün ciddi risk yaradır. Bu isə yem qiymətlərini artırır və maya dəyərini yüksəldir.
Bundan əlavə, dizel yanacağının bahalaşması fermerlərin xərclərini əhəmiyyətli dərəcədə artırıb. Baytarlıq xidmətləri və dərman təminatı da baha və əlçatmazdır. Xəstəliklərin yayılması zamanı operativ müdaxilə mexanizmi zəifdir. Bütün bunlar kiçik və orta təsərrüfatların bazardan çıxmasına səbəb olur”.
Ekspert qeyd edib ki, hökumət təcili tədbirlər görməlidir. Dizel yanacağı fermerlərə güzəştli qiymətlə təqdim olunmalıdır:
“Subsidiyaların həcmi artırılmalı və onların təyinatı üzrə istifadəsinə ciddi nəzarət mexanizmi qurulmalıdır. Baytarlıq xidmətləri və dərman təminatı üzrə vahid qiymət siyasəti tətbiq edilməlidir. Eyni zamanda, örüş sahələrinin genişləndirilməsi, dincə qoyulmuş torpaqların inventarlaşdırılması və zəif məhsuldar ərazilərin heyvandarlıq təsərrüfatlarına verilməsi ilə bağlı ölkə üzrə geniş proqram hazırlanmalıdır”.
Həsən
Paraqraf.com
![]()
