Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edərək ona uzun ömür, cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı dövlət başçıları gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi şərhçi Üzeyir Mustafayev “Paraqraf.com”a açıqlamasında bildirib ki, hazırda Azərbaycan–Türkiyə münasibətləri genişlənən və yüksələn xətt üzrə inkişaf edir:

“İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda formalaşmış yeni geosiyasi reallıqlar ikitərəfli münasibətlərin inkişafının yeni mərhələsi üçün zəmin yaratdı. Bu baxımdan 2021-ci ildə imzalanmış ‘Şuşa Bəyannaməsi’ iki dövlət arasında strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu gün bütün sahələr üzrə Azərbaycan və Türkiyə arasında həm ikitərəfli, həm də çoxtərəfli layihələr həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurun bərpasında Türkiyənin mühüm rolu var. İkinci Qarabağ müharibəsindən sonra ötən müddət ərzində Türkiyə şirkətləri tərəfindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 5 milyard dollardan artıq dəyəri olan layihələrlə töhfə verilib. Hazırda da bu istiqamətdə işlər davam edir. Türkiyə–Azərbaycan qardaşlığının növbəti nümunəsi kimi, Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıdılmış Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən salınan və ölkəmizin adını daşıyan məhəlləni göstərmək olar”.
Siyasi şərhçi qeyd edib ki, beynəlxalq siyasi arenada Azərbaycan və Türkiyə qarşılıqlı dəstəyi açıq şəkildə nümayiş etdirir və beynəlxalq münaqişələrin həlli istiqamətində ortaq mövqedən çıxış edirlər:
“Bu xüsusda hər iki dövlət ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasında təmsil olunur.
Dövrün aktual məsələlərindən biri də ‘yaşıl enerji’ sahəsidir. İki ölkə arasında bu istiqamətdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq mövcuddur. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində işlər davam edir. Ötən ilin dekabr ayında dövlətlər arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumunun mətni razılaşdırılıb. Eyni zamanda Azərbaycan–Türkiyə–Avropa Yaşıl Dəhlizi formatında da proseslər davam edir”.
Üzeyir Mustafayev əlavə edib ki, iki ölkə arasında siyasi, iqtisadi və sosial sahələr daxil olmaqla bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənir və yeni formatda inkişaf edir:
“Bu isə iki ölkənin liderləri arasında mövcud olan qarşılıqlı inam və etimadın bariz ifadəsidir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
