Bu gün Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin baş ofisində Xocalı soyqırımına həsr olunmuş iclas keçirilib.
Tədbiri giriş sözü ilə açan birliyin sədri Almaz Zeynalova Xocalı faciəsinin Azərbaycan xalqının tarixində və milli yaddaşında xüsusi yer tutduğunu vurğulayıb. O bildirib ki, 26 fevral 1992-ci ildə baş verən bu dəhşətli hadisə təkcə bir şəhərin deyil, bütün xalqımızın faciəsidir. İllər keçsə də, Xocalı soyqırımı xalqımızın yaddaşında əbədi həkk olunub və heç vaxt unudulmayacaq.
Qeyd edilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağır və faciəli səhifələrindən biridir. Həmin gecə şəhər tam mühasirəyə alınaraq dinc əhaliyə qarşı amansız qətliam törədilib. Rəsmi məlumatlara görə, 613 nəfər – o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə uzun müddət naməlum qalıb. Şəhər yerlə-yeksan edilib, ailələr dağılıb, uşaqlar valideynlərini, valideynlər isə övladlarını itiriblər.
Çıxışlarda bildirilib ki, bu faciə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, insanlığa qarşı törədilmiş ağır cinayətdir. Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti tərəfindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır və bir sıra ölkələr, eləcə də beynəlxalq təşkilatlar bu hadisəyə hüquqi-siyasi qiymət veriblər.
Tədbirdə çıxış edən qonaqlar Xocalı soyqırımı barədə geniş məlumat verərək faciənin beynəlxalq aləmdə daha geniş tanıdılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gələcək nəsillərə ötürülməsi və şəhidlərin xatirəsinin daim uca tutulması hər bir azərbaycanlının mənəvi borcudur.
Tədbirdə çıxış edən ziyalılar – İdarə Heyətinin sədri Kamran İsayev, qonaq qismində iştirak edən Kifayət Niftəliyeva, Tofiq Əlizadə, Nurəddin Salayev, Aygün Hüseyn, Məhərrəm Məhərrəmov, Nüsrət Paşayev, Əli Qarayev və başqaları bildiriblər ki, 34 il keçməsinə baxmayaraq, Xocalı faciəsi xalqımızın yaddaşında yaşayır. Onların sözlərinə görə, müasir dövrdə milli mənsubiyyətə görə insanların məhv edilməsi və bu cür cinayətlərə bəzi ölkələrin susqun qalması beynəlxalq münasibətlərdə ikili standartların davam etdiyini göstərir. Qeyd edilib ki, Xocalı soyqırımını törədən şəxslər gec-tez törətdikləri cinayətlərə görə məsuliyyət daşıyacaqlar.
Sonda şəhid nəvəsi tərəfindən Xocalıya həsr olunmuş şeirlər səsləndirilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, iclas səmimi müzakirələrlə davam etdirilib.
Günay Atayeva
ŞASDİB-nin Mətbuat xidmətinin rəhbəri
![]()
