Aparıcılar Tarix Əliyev və Elgiz Əkbərin verilişlərinin yayımı dayandırılıb.
Son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra bu qərarın verildiyi bildirilir.
Elgizin həftəiçi hər gün ARB telekanalında yayımlanan “Elgizlə izlə”, Tolikin isə Space TV-də efirə çıxan “Tarixin bir günü” proqramı bağlanıb.
Məsələ ilə bağlı aparıcılarla əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb – zənglər cavabsız qalıb.
Media eksperti Hacıbəy Heydərli “Paraqraf.com”a açıqlamasında bildirib ki, Azərbaycan televiziyalarında şou tipli verilişlərə ciddi nəzarətin vaxtı çoxdan çatmışdı:

“Uzun müddətdir ki, həm cəmiyyətdə, həm də sosial şəbəkələrdə bayağı şou proqramlarında şəxsi həyatların ön plana çəkilməsi, müğənnilərin sənətdən çox qalmaqallarla gündəmə gəlməsi narazılıq doğururdu. Bəzi verilişlərin bağlanması və digərlərinin yayım siyasətində dəyişikliklərin edilməsi müsbət addımdır. Tamaşaçı artıq daha keyfiyyətli və səviyyəli layihələr gözləyir”.
Ekspert vurğulayıb ki, efirlərdə mədəni və maarifləndirici proqramlara üstünlük verilməli, müğənnilərin şəxsi həyatından çox yaradıcılığı təqdim olunmalıdır:
“Cəmiyyətdə birmənalı qarşılanmayan bayağı məzmunlu çıxışlara və bu tip qonaqlara efirdə yer verilməməlidir. Azərbaycan telekanalları yeni mərhələdə daha sağlam və intellektual yayım siyasəti formalaşdırmaq potensialına malikdir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
