Münasibətlərdə seçici olmaq çox vaxt birmənalı qarşılanmır. Bəziləri bunu yüksək standartlar və özünə hörmət kimi qiymətləndirsə də, digərləri həddindən artıq tələbkarlıq hesab edir. Halbuki, mütəxəssislər bildirirlər ki, seçicilik əksər hallarda insanın daxili ehtiyacları, həyat təcrübəsi və şəxsi sərhədləri ilə bağlıdır. Sağlam sərhədlər qorunduğu halda isə bu xüsusiyyət nə münasibətlərə, nə də qarşılıqlı anlaşmaya zərər verir.
Mövzu ilə bağlı ailə psixoloqu Nizamova Fidan “Paraqraf.com”a açıqlamasında bildirib ki, seçici insan olmaq əksər hallarda insanın daxili dünyası və həyat təcrübəsi ilə əlaqədardır:
“Bu, insanın keçmişdə yaşadıqlarından, özünü nə dərəcədə tanımasından və nələrə dəyər verməsindən qaynaqlanır. Bəzi insanlar üçün seçicilik özünü qoruma mexanizmidir. Onlar hər kəsə və hər vəziyyətə uyğunlaşmaq əvəzinə, özlərinə uyğun olanı seçirlər.
Sağlam sərhədlər o halda mövcud olur ki, qarşı tərəfin şəxsi sərhədləri pozulmur. Bu sərhədlər şəxsi münasibətlərə və düşüncələrə zərər verməməli, münasibətləri korlamamalıdır. Münasibət qurmağın əsas prinsipi nə özünə, nə də qarşı tərəfə zərər verməməkdir”.
Psixoloq qeyd edib ki, hər bir insanın öz standartları və tələb etmə haqqı var:
“Əgər sənin tələbin qarşı tərəfin hüquqlarını və şəxsi sərhədlərini pozmursa, hər kəsin qarşı tərəfdən nəsə tələb etməyə haqqı var. Buna konkret norma qoymaq düzgün deyil. Çünki bir insan üçün normal sayılan hal digəri üçün anormal görünə bilər və bu zaman problem yaranır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
