Bu günümüz də xeyli maraqlı keçdi. Günümüzü bu dəfə maraqlı edən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasının iştirakçıları oldu.
O iştirakçılar ki, polemikaları, elmi axtarışları, elmə töhfələri, tədqiqatları və ziyalı mövqeləri ilə deyil, məhz iclas zamanı mürgüləmələri ilə gündəmə gəldilər. Əslində buna mürgüləmək demək də bir az yumşaq səslənir.
Bu, əməlli-başlı yatmaq idi. Təbrizdə deyildiyi kimi, bir qədər də nəzakətli ifadə etsək, “çorta getmək” demək olardı ki, bəlkə xətirlərinə dəyməsin.
Qocalı-cavanlı, əllərini çənələrinin altına, gicgahlarına dirəyib “çorta getmişdilər”. Belə iclasların ilk saatından sonrakı mənzərə adətən elə bu cür olur. Yəni bu hal təkcə AMEA-ya xas deyil.
İkinci saatdan başlayaraq arxa sıralarda oturanlar sakitcə zalı tərk edir, gedə bilməyib sonadək qalmağa məcbur olanlar isə fürsətdən istifadə edib gözlərinin acısını almağa çalışırlar. Ona görə də belə görüntünü tamamilə yadırğamaq çətindir. Axı hansımız uzun sürən, nəticəsiz iclaslarda mürgüləməmişik?
Amma söhbət ölkənin ziyalı təbəqəsindən, elm adamlarından, adında “Elmlər” və “Akademiya” sözləri olan bir qurumdan gedirsə, heç olmasa əməlli-başlı yatmamaq, vəziyyəti mürgüləmə ilə yola vermək olardı.
Görünür, müzakirə o qədər sönük keçib ki, çoxları yuxuya qalib gələ bilməyib. Yuxu elə bir haldır ki, adamın gözlərini öz-özünə qapayır və nəticədə ölkə boyu müzakirə olunan belə bir mənzərə ortaya çıxır. Əgər yuxu AMEA kimi köklü bir quruma, onun əzəmətli binasına ayaq açıbsa, çətin ki, tezliklə geri çəkilə. Yuxu da özünə münbit mühit axtarır.
Heç səs-küylü, qızğın müzakirələrin getdiyi bir mühitdə yuxuya gedən görmüsünüzmü?
Yuxu üçün sakitlik lazımdır — AMEA Rəyasət Heyətinin iclası kimi. Bu, əslində alimlərin deyil, Azərbaycan elminin yuxusudur.
Elə bir yuxu ki, top atsalar da oyanan olmayacaq. İllərdir Azərbaycan elmi belə mürgü döyür, daha doğrusu, mürgüləmə mərhələsini də keçib, dərin yuxuya gedib. Nəticədə nə ciddi elmi əsər, nə də sanballı kəşf ortaya çıxır. İclaslarda isə əsaslı elmi müzakirələr əvəzinə, hər kəs bir tərəfdə “gözünün acısını” alır.
Əgər həmin iclasda elmi titulların verilməsi, dövlət mükafatları və ya mənzil növbəsi kimi məsələlər müzakirə olunsaydı, nəinki mürgüləyən olmazdı, əksinə, söz almaq üçün bir-birilərinə aman verməzdilər.
İstəsəniz, bunu sınaqdan da keçirmək olar: elan edilsin ki, AMEA-nın növbəti iclası dövlət mükafatlarına təqdim olunacaq namizədlərin müzakirəsinə həsr olunacaq. O zaman yaranacaq mənzərəni birlikdə izləyərik…
Elnarə Kərimova
![]()
