Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi halları müəyyənləşdirilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Paraqraf.com”a bildirib ki, bu qərar sosial ədalət prinsipinin təhsildə daha sistemli tətbiqidir:

“Bu addım təkcə maliyyə yükünün azaldılması deyil, həm də dövlətin insan kapitalına strateji sərmayəsidir. Maddi çətinliklər səbəbindən təhsilini yarımçıq qoyan gənclər üçün bu mexanizm mühüm dəstək olacaq, onların ali və orta ixtisas təhsilinə çıxış imkanlarını genişləndirəcək.
Eyni zamanda qərar sosial məsuliyyət anlayışını gücləndirir. Ailələr əmin olacaq ki, övladlarının təhsili maddi səbəblərdən yarımçıq qalmayacaq”.
Ekspertin sözlərinə görə, bu mexanizm ali təhsil müəssisələrində davamlılıq göstəricilərinə də müsbət təsir göstərəcək:
“Təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən yayınma halları azalacaq, tələbələrin akademik fokuslanması artacaq. Çünki maddi stress faktorunun aradan qalxması təhsil prosesinə daha sağlam yanaşma formalaşdırır.
Strateji baxımdan isə bu addım uzunmüddətli perspektivdə əmək bazarına daha çox ixtisaslı və rəqabətqabiliyyətli kadrların daxil olmasına xidmət edir. Sosial müdafiəyə ehtiyacı olan şəxslərin təhsil imkanlarının genişlənməsi inklüziv inkişaf modelini gücləndirir və sosial təbəqələşmənin dərinləşməsinin qarşısını alır.
Ümumilikdə, bu dəyişiklik təhsildə bərabər imkanların təmin olunması istiqamətində atılmış mühüm və vaxtında verilmiş qərardır. Təhsil sistemində sosial həssas qrupların qorunması yalnız humanist yanaşma deyil, həm də ölkənin dayanıqlı inkişaf strategiyasının əsas elementlərindən biridir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
