Bəzən insanlar qorxulu yuxular görür və bunun nəticəsində narahatlıq keçirirlər. Gün ərzində həmin yuxunun təsiri altında qalır, səhəri isə yorğun və gərgin şəkildə oyanırlar.
Nevroloq Sevinc Məmmədova “Paraqraf.com”a açıqlamasında bildirib ki, insanlar zaman-zaman qorxulu yuxular görə bilərlər. Onun sözlərinə görə, qorxulu yuxuların yaranma səbəbləri əsasən psixoloji və nevroloji amillərlə bağlıdır:
“Stress və psixoloji gərginlik ən çox rast gəlinən səbəblər sırasındadır. Gün ərzində yaşanan narahatlıq, iş yükü, ailə problemləri, qorxu, itki və travmatik hadisələr buna təsir göstərə bilər. Eyni zamanda gec yatan, tez-tez oyanan və ya kofein tərkibli içkilər səbəbindən yuxu rejimi pozulan şəxslərdə REM mərhələsinin pozulması kabus ehtimalını artırır. Qızdırma ilə müşahidə olunan hallarda da kabuslar yarana bilər”.
Mütəxəssis qeyd edib ki, axşam saatlarında ağır yemək qəbulu və spirtli içki istifadəsi də qorxulu yuxulara səbəb ola bilər:
“Uşaqlarda kabus halları daha çox müşahidə olunur. Bu isə sinir sisteminin inkişaf mərhələsi ilə əlaqədardır. Əgər kabuslar tez-tez təkrarlanırsa və ya insan yuxudan qışqıraraq oyanırsa, mütləq nevroloqa müraciət etmək tövsiyə olunur”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
