Aralıq dənizində sular yenidən isinir. Rəsmi Ankara Yunanıstanın Krit adasının cənubunda karbohidrogen ehtiyatlarının kəşfiyyatı ilə bağlı ABŞ-ın nəhəng “Chevron” şirkəti ilə imzaladığı razılaşmaya qarşı kəskin bəyanat yayıb.
Paraqraf.com xəbər verir ki, Türkiyə bu addımın beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə zidd olduğunu bildirib.
“Liviya ilə razılaşma pozulur!” – Türkiyə Müdafiə Nazirliyindən xəbərdarlıq
Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib ki, Yunanıstanın bu fəaliyyəti Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanmış dəniz yurisdiksiyasına dair memorandumun şərtlərini kobud şəkildə pozur. Ankara vurğulayıb ki, aparılan işlər birbaşa Türkiyənin kontinental şelfinə toxunmasa da, Liviyanın BMT-də bəyan edilmiş dəniz hüquqlarını birbaşa tapdalayır.
Avropanın Rusiya qazından qurtulmaq planı, yoxsa yeni böhran?
Qeyd edək ki, “Chevron” ilə əldə olunan razılaşma Yunanıstanın qaz kəşfiyyatı sahələrini genişləndirməyi hədəfləyir. Bu layihə rəsmi Afina və Avropa İttifaqı tərəfindən Rusiyanın enerji resurslarından asılılığı azaltmaq cəhdi kimi təqdim olunsa da, regionda Türkiyə və Liviya ilə yeni qarşıdurma ocağı yaradır.
Analitiklər hesab edir ki, Yunanıstanın bu addımı Aralıq dənizində onsuz da gərgin olan geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Paraqraf.com
![]()
